Məşhur tanışlıq tətbiqi Tinderin maraqlı yaranma tarixi | Banco.az

Məşhur tanışlıq tətbiqi Tinderin maraqlı yaranma tarixi

Hal-hazırda bir sıra tanışlıq sayt və tətbiqləri mövcud olsa da Tinder dünya üzrə tanınır və insanlar tərəfindən sevilir. Layihənin başa gəlməsinin çox maraqlı tarixçəsi də mövcuddur. Bu haqda məlumatı şirkətin yaradıcısı Şon Red öz müsahibəsində paylaşıb. Şon öz müsahibəsində 23 yaşında olarkən çox çəkingən biri olduğunu və biri ilə necə tanış olmaq haqda çox düşündüyünü bildirib. Bir gün restoranda öz dostları ilə birgə oturan Şonun bir xanımdan xoşu gəlib və ona baxanda qızın da ondan xoşu gəldiyini anlayıb və öz–özünə bu mövzuda müzakirə aparmağa başlayıb. Yəni necə etmək olar ki, qarşındakı şəxsin sənə qarşı münasibətini anlamaq mümkün olsun. Bu haqda bir müddət düşünən Şon sonda Tinder adlı tətbiqi yaratmağa müəffəq olur. Bundan sonra sadəcə tətbiqi kütləyə tanıtmaq lazım idi. Bu işdə ilk növbədə tətbiqin yaradıcılarından biri olan Castin Matin ona köməklik edib. O, Tinderi telefon vasitəsilə digərləri ilə paylaşıb və belə olduqda 500 nəfərdən 80%-i bu tətbiqdən yararlanmağa başlayıb. Sonrakı günlərdə istifadəçilərin sayı 50%-dək artıb.

Bir çox insan özü haqda məlumatları paylaşaraq özlərinə uyğun şəxslərlə tanış ola biliblər. Hətta aralarında ele insanlar varmış ki, gündəlik həyatda bir-birlərini tanısa da münasibətlər haqda düşünmürlərmiş, amma belə görünür ki, tətbiq onlara bir-birini kəşf etməyə şərait yaradıb.

Ən sərfəli kredit üçün müraciət et

Bir müddət sonra Tinderin yaradıcılarından olan Castin Matinin qardaşı universitet avtobusunda “Tinder şənliyi” keçirmək haqda ideya ortaya atıb. Bunun əsas səbəbkarı isə onun sevdiyi xanım olub. O, Cənubi Karolina universitetinə məxsus avtobusu həmin xanıma şənlik təşkil etmək üçün kirayələməyi təklif edib. Şənlikdə iştirak etmək istəyənlər isə mütləq qaydada telefonlarına Tinder tətbiqini yükləməli idilər. Necə deyərlər bir strateji addımla iki problemi həll ediblər. Bundan sonra Tinder istifadəçilərinin sayı getdikcə artıb, hətta bu tip şənliklər tanıtım məqsədilə digər universitetlər də təşkil olunub. Əsas kütlə tələbə olduğundan tətbiqin istifadəçiləri də getdikcə artıb.

Bundan əlavə Tinder yaradıcıları insanların çox toplandığı yerlərə gedərək orada tətbiq haqda maraqlı söhbətlər təşkil edirlərmiş. Bütün bu marketinq strategiyaları təbii ki, öz bəhrəsini verməkdə idi. Beləki, yanvar ayının yekununda 20000, ilin sonunda isə artıq 500000 adam tətbiqdən yararlanırdı.

Xatırladaq ki, hal-hazırda tətbiqdən 196 ölkədə istifadə olunur.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et