Mark Zükerberq ictimaiyyətin diqqətindən uzaqlaşıb istirahət edə bilməyin yolunu tapıb.
Facebook rəhbəri Mark Zükerberq hesab edir ki, insanların bütün dünyayla əlaqədə olması ilə daha dar və daha özəl sosial dairələrlə qurduğu ünsiyyət arasında tarazlıq yaratması çox vacibdir. Son yazılarında dünyanın, eləcə də onun şəxsi həyatının 2030-cu ilə qədər necə dəyişəcəyi ilə bağlı fikirlərini bölüşmüşdü. Həmin paylaşımda Zükerberq internetin əlaqə yaratmağa imkan verdiyini, lakin artıq insanların həyatında məxfiliyin çatışmadığını bildirdi. “Mən kiçik bir şəhərdə böyüdüyüm dövrdə iş yeri və məqsədini tapmaq daha asan idi. Ancaq ətrafda milyardlarla insan varkən unikal rolunu tapmaq daha çətindir ”, — deyə iş adamı yazıb. O, güman edir ki, növbəti onillikdə kiçik icmalar insanlara yaxınlıq hissini bərpa etməyə kömək edəcək.
“Multiple Hats Management” konsaltinq şirkətinin təsisçisi və sahibi Mayk Ronlien Zükerberqin paylaşımına sadalanan iki amil arasındakı balansı qorumağın əhəmiyyəti barədə şərh yazıb. Mark da öz növbəsində onun fikrini dəstəkləyib. “Facebook”un rəhbəri yazıb ki, hər kəsə sadəcə özü kimi olmaq və necə göründüyü barədə narahat olmamaq üçün imkan lazımdır. Mark özü ictimai bir insan olduqdan sonra bunu çox yaxşı başa düşdü. “Mənə ailəm və dostlarımla keçirdiyim, “Mark Zükerberq” deyil, sadəcə bir şəxsiyyət ola bildiyim vaxt lazımdır. Ümid edirəm ki, biz (Facebook) hər kəsə bunun kimi bir şey təqdim edə biləcəyik”, — milyarder vurğulayıb.
Həmçinin oxu: Mənəvi və fiziki cəhətdən tükənməyin qarşısını necə almaq olar?
Digər milyarderlər də özlərinə yönəlmiş diqqətdən dincəlmək üçün bir yol tapıblar. Məsələn, “Twitter”in həmtəsisçisi Cek Dorsi gündə ən az iki dəfə meditasiya etməyə çalışdığını və ən az bir neçə gün üçün hazırlanmış meditasiya proqramının olduğunu söyləyib. 2017-ci ildə biznesmen ad günündə Myanmaya getmişdi. Orada 10 gün danışmadan, səhər dörddə durub bütün günü (yalnız səhər yeməyi, nahar və qısa gəzinti üçün fasilə verərək) meditasiya edərək enerjisini bərpa etmişdi.
“Microsoft”un həmtəsisçisi və 2019-cu il reytinqinə əsasən dünyanın ikinci ən zəngin adamı Bill Qeyts də özü ilə tək qalmağı xoşlayır. 1990-cı illərdən bəri “düşüncə həftələri”ni həyatına tətbiq edir. Bu müddətdə bir qalaq kitabla təkliyə çəkilib (məsələn, göl evində) istirahət edir.
Milyarder Oleq Deripaska da keçən il göl kənarına yollanmışdı: Davos forumunun yerinə biznesmen balıq ovlamaq üçün Baykala getmişdi.
Nigar Umaxanlı, Finco.az