Mərkəzi banklar: Türkiyə | Banco.az

Mərkəzi banklar: Türkiyə

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu məqaləmizdə Türkiyə Mərkəzi Bankı (TCMB) haqqında məlumat hazırlamışıq. 

TCMB Türkiyə Respublikasının mərkəzi bankıdır. 11 iyun 1930-cu ildə türkiyədə mərkəzi bankın yaradılması haqqında qərar qəbul edilib. 

Mərkəzi Bankın yaradılması üçün əvvəlcə Osmanlı Bankının milliləşdirilməsi nəzərdə tutulsa da, ölkənin iqtisadi şəraiti buna imkan verməyib. Daha sonra yeni qurulan Türkiyə İş Bankının Mərkəzi Banka çevrilməsi gündəmə gəlib. Lakin mərkəzi bankın müstəqil işləməli olduğu düşüncəsinin təsiri ilə Mərkəzi Bank 30 iyun 1930-cu ildə Rəsmi Qəzetdə dərc olunmuş 1715 saylı Mərkəzi Bank Qanununa paralel olaraq 1 il sonra - 1931-ci il 3 oktyabr tarixində fəaliyyətə başlayır.

Türkiyə Mərkəzi Bankının vəzifə və öhdəlikləri bunlardır:

Mərkəzi Bank haqqında qanunla tənzimlənən bankın vəzifə və öhdəlikləri 5 əsas sahəyə bölünür:

1. Qiymət Sabitliyi

Mərkəzi Bankın əsas məqsədi qiymət sabitliyini təmin etməkdir. Qiymət sabitliyi dedikdə, iqtisadi qərarların qəbul edilməsində nəzərə alınmasına ehtiyac qalmayacaq qədər aşağı inflyasiyanın səviyyəsi başa düşülür.

Həmçinin oxu: Mərkəzi banklar: Azərbaycan

2. Maliyyə Sabitliyi

Maliyyə sabitliyi Mərkəzi Bankın məqsədini dəstəkləmək xüsusiyyətinə malikdir.

3. Məzənnə Rejimi

Hökumətlə birlikdə ölkədə məzənnə rejimini müəyyən etmək, formalaşdırmaq və həyata keçirmək bankın başqa bir vəzifəsidir. Bundan başqa, Türkiyədə qızıl-valyuta ehtiyatlarının saxlanması və ölkənin maraqlarına uyğun idarə olunmasına cavabdeh qurum Mərkəzi Bankdır.

Ən sərfəli kredit üçün müraciət et

4. Əskinasın çapı və buraxılması imtiyazı

Türkiyə Respublikası Konstitusiyasının 87-ci maddəsinə görə, pul çap etmək səlahiyyəti Türkiyə Böyük Millət Məclisinə (TBMM) məxsusdur. Lakin Türkiyə Böyük Millət Məclisi əskinasların çapı və buraxılması səlahiyyətini qeyri-müəyyən müddətə Mərkəzi Banka verib.

5. Ödəniş Sistemləri

Mərkəzi Bank pul vəsaitlərinin və qiymətli kağızların təhlükəsiz və sürətli köçürülməsi və uzlaşdırılması üçün yeni sistemlər yaratmağa, qurulan və gələcək sistemlərin fasiləsiz işləməsini təmin etməyə, onlara nəzarəti həyata keçirməyə və lazımi tədbirlər görməyə borcludur.

Hazırda Türkiyə Respublikası Mərkəzi Bankı tam inflyasiya hədəfləmə rejimini izləyir. 

TCMB-nin təşkilati strukturunu dörd qrupa bölmək olar: idarəetmə, mərkəzi təşkilat, filial və nümayəndəliklər. Bankın 21 filialı var.

Mərkəzi Bankın sədri Hafize Gaye Erkandır. 

TCMB-nin baş ofisi aşağıdakı ünvanda yerləşir:

Hacı Bayram Mah. İstiklal Cad. No:10 06050 Ulus Altındağ Ankara

Əlaqə:

Telefon : (+90 312) 507 50 00

Faks : (+90 312) 507 56 40

Mərkəzi Bankın rəsmi saytı: https://www.tcmb.gov.tr/

Qeyd edək ki, növbəti həftənin cümə günü Rusiya Mərkəzi Bankı haqqında məlumat təqdim edəcəyik. 

Ən sərfəli krediti almaq üçün müraciət et