İlin sonuna qədər məcmu kapitalını 50 milyon manata çatdırmayan bankların fəaliyyəti dayandırılacaq. Mərkəzi Bankın sədri təxminən 5-6 bankın bu siyahıda olduğunu bildirib. Elman Rüstəmov ipoteka və istehlak kreditləri, neftin qiymətinin ucuzlaşmasının ölkə iqtisadiyyatına təsirinə qədər bir çox məsələlərə də toxunub.
Gələn ildən Azərbaycanda 5-6 bank fəaliyyətini dayandıracaq. Səbəb həmin bankların məcmu kapitalını 50 milyon manata çatdıra bilməməsidir. Mərkəzi bankın sədri ipoteka kreditlərinə də toxundu: "Şərtlərin yüngülləşdirilməsi üçün strategiya hazır olsa da, icrası üçün maneələr var".
Biznes forumda da çıxış edən Elman Rüstəmov istehlak kreditləri ilə bağlı vəziyyətdən da danışdı. O, geri ödənməyən kreditlərin təhlükəli həddə olmadığını, lakin Mərkəzi Bankın bu istiqamətdə həyata keçirdiyi islahatların effektiv nəticə verdiyini diqqətə çatdırdı.
Neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsirindən danışan Elman Rüstəmov bunun uzun müddət davam etməyəcəyini gözlədiyini bildirdi. Hətta qiymət təhlükəli həddə çatsa belə, Azərbaycanın valyuta ehtiyatlarının həcmi istənilən riski aradan qaldırmağa imkan verir.
Rusiya iqtisadiyyatında böhrana doğru gedən prosesin Azərbaycan iqtisadiyyatına təsirinə gəldikdə isə, Mərkəzi Bankın sədri bildirdi ki, bu istiqamətdə ölkəmiz üçün təhlükə yoxdur.