20 may 2016-cı il, Bakı: Mərkəzi Bankın sədri Elman Rüstəmov Məhəmməd əl Qorçinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) Maddələr Sazişi IV üzrə məsləhətləşmələr missiyasının nümayəndə heyətini qəbul etmişdir.
Görüş zamanı ölkədə makroiqtisadi proseslər, Hökumət tərəfindən aparılan islahatlar, maliyyə sektorundakı vəziyyət, yeni məzənnə rejiminin idarəedilməsi strategiyası kimi məsələlər müzakirə edilmişdir.
Görüşdə E.Rüstəmov ölkədəki makroiqtisadi vəziyyət, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, ölkənin xarici mövqeyi, Mərkəzi Bankın pul siyasəti, həyata keçirilən struktur islahatları barədə ətraflı məlumat verdi. E.Rüstəmov Azərbaycanda iqtisadi sabitliyin qorunub saxlanılması və inkişafın təmin olunması üçün həyata keçirilən tədbirlərdə dəstəyinə görə BVF-yə öz təşəkkürünü bildirdi.
Öz növbəsində BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl Qorçi cari ildə Azərbaycanın regional hadisələr fonunda milli iqtisadiyyatın dayanıqlığının təmin edilməsi məqsədilə ölkədə maliyyə sabitliyinin dəstəkləməsi, bank sektorunun sağlamlaşdırılması, valyuta məzənnəsinin idarə edilməsi istiqamətində görülmüş işləri yüksək qiymətləndirdi.
Qeyd olundu ki, yeni məzənnə siyasəti milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilərinə yönəlmişdir. Bu, həmçinin qonşu dövlətlərdə baş verən proseslərin milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa xidmət edir.
Görüşdə həmçinin Mərkəzi Bank ilə BVF arasında formalaşmış əməkdaşlıq əlaqələri, BVF tərəfindən göstərilmiş texniki yardımın nəticələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur.