Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının İşçı qrupunun iclası keçirilib | Banco.az

Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının İşçı qrupunun iclası keçirilib

Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının İşçı qrupunun geniş iclası keçirilmişdir. Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyasi, bank nümayəndələri və sahibkarlarla birgə keçirilən toplantının əsas məqsədi ölkədə çeklərlə hesablaşmaların tətbiqi mexanizminin araşdırılmasından ibarət olmuşdur.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev çıxış edərək bildirmişdir ki, cari ilin əvvəlində Mərkəzi Bankın sədri cənab Elman Rüstəmovun Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyasi və sahibkarlarla birgə keçirilən görüşündə irəli sürülən mühüm təkliflərdən biri çeklərlə hesablaşma məsələlərinin araşdırılması və tətbiqi imkanlarının qiymətləndirilməsi ilə bağlı olmuşdur.

A.Quliyev qeyd etmişdir ki, sözügedən istiqamətdə irəli sürülən məsələlərin Mərkəzi Bank tərəfindən dərindən araşdırılmasına başlanılmış, bununla bağlı İşçı qrupun üzvlərindən ibarət nümayəndə heyətinin Türkiyənin Ziraat Bankı ilə təcrübə mübadiləsi aparılmış, çeklərlə hesablaşmaların Türkiyə modeli əsasında nəzəri və təcrübi xüsusiyyətəri ətraflı öyrənilmişdir.

Eyni zamanda vurğulamışdır ki, araşdırmaların və təcrübə mübadiləsinin nəticələri 5 mart 2020-ci il tarixində Mərkəzi Bankda Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən Aqrar Kredit və İnkişaf Agentliyi, həmçinin Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Banklar Assosiasiyasının rəhbərləri ilə birgə kənd təsərrüfatının kreditləşdirilməsi məsələlərilə bağlı keçirilən görüşdə müzakirə edilmiş, çeklərlə hesablaşmalar ölkədə kiçik və orta sahibkarlığın maliyyələşməsi imkanlarının genişlənməsi, girov imkanlarının yaxşılaşması, biznes subyektləri arasında hesablaşmaların şəffaflaşması istiqamətində effektiv alət kimi qiymətləndirilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

A.Quliyev bildirdi ki, çeklərlə hesablaşma mexanizminin tətbiqi təşəbbüsləri Azərbaycan Mərkəzi Bankı tərəfindən dəstəklənərək sahibkarların müzakirəsinə təqdim olunması məqsədəuyğun hesab olunmuşdur.

Sonra görüş iştirakçıları üçün qabaqcıl beynəlxalq təcrübələrdə, xüsusən Türkiyə modelində effektiv maliyyələşmə aləti kimi çeklərlə hesablaşma mexanizminin xüsusiyyətləri mövzusunda təqdimat keçirilmişdir. Təqdimatda çekdən istifadənin özəllikləri barədə ətraflı məlumat verilərək qeyd edilmişdir ki, bu mexanizmin tətbiqi biznes hesablaşmalarının şəffaflaşmasına, ticarət dövriyyəsinin artmasına, ticarət əməliyyatlarının aparılmasında tərəfdaşların günlük likvidlik zərurətinin azalmasına, sahibkarlar tərəfindən gələcək valyutalaşma tarixində ödənişlərin həyata keçirilməsi, çeki təminat qismində təqdim etməklə bankdan əlavə resurs cəlb edilməsi imkanının yaranmasına, həmçinin ölkədə nağd pul dövriyyəsinin azalmasına şərait yaradacaqdır.

Daha sonra qeyd olunan məsələlər ətrafında sahibkarlar, eləcə də maliyyə-bank sektoru nümayəndələri tərəfindən geniş müzakirə aparılmışdır. Ölkədə çeklərlə hesablaşmaların tətbiqi təşəbbüslərinin tezliklə reallaşdırılması biznes nümayəndələri tərəfindən dəstəklənərək bildirilmişdir ki, qeyd olunan üstünlüklərlə yanaşı bu mexanizmin formalaşdırılması nəticəsində vədəli satış əməliyyatlarında güvənliliyin artması ilə sahibkarlar arasında qarşılıqlı inam güclənəcək, biznesin maliyyəyə çıxış imkanları əhəmiyyətli dərəcədə yaxşılaşacaqdır.

İclasın yekununda bildirilmişdir ki, sözügedən məsələlərin sahibkarlar tərəfindən yüksək dəstəklənməsi nəzərə alınmaqla ölkədə çeklərlə hesablaşma mexanizminin tətbiqi ilə bağlı Proqram hazırlanacaq, müvafiq qanunvericilik çərçivəsi, eləcə də  teknoloji və idarəetmə infrastruktu ilə bağlı məsələlərin həllinə başlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et