Mərkəzi Bank manatla pul kütləsinin dinamikasına təsir edən amilləri açıqlayıb | Banco.az

Mərkəzi Bank manatla pul kütləsinin dinamikasına təsir edən amilləri açıqlayıb

2015-ci ildə manatla pul kütləsinin dinamikası əsasən valyuta bazarında baş verən proseslərin təsiri altında formalaşıb. Hesabat ilində manatla pul bazası 40,2% azalaraq ilin sonuna 6 mlrd. 901,8 mln. manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üzrə pul siyasəti icmalında deyilir.
 
Sənəddə qeyd olunub  ki, pul bazasının həcminə dollarlaşma və hökumət hesabları qalıqlarının dəyişməsi azaldıcı, digər amillər isə (Mərkəzi Bankın apardığı likvidlik əməliyyatları) artırıcı təsir edib: “Bank sisteminin pul yaratma qabiliyyətini ifadə edən pul multiplikatorunun səviyyəsində azalma müşahidə olunub. Bununla əlaqədar olaraq, pul kütləsinin azalma tempi pul bazasının azalma tempini üstələyib. İl ərzində manatla geniş pul kütləsi (M2) 50,6% azalaraq dövrün sonuna 8613,1 mln. manat təşkil edib. Geniş mənada manatla pul kütləsi əsasən nağd pul kütləsi hesabına azalıb. Bununla belə 2015-ci il ərzində nağdlaşma göstəricisi (M0/M2) 2,78 faiz bəndi azalıb. Hesabat ili ərzində geniş pul kütləsi (M3) 1,2% azalaraq 21318,6 mln. manat olub. M3 pul aqreqatının ÜDM-ə nisbəti 2014-cü ildə 36,5% olduğu halda 2015-ci ildə bu rəqəm 39,2%-ə yüksəlib. 2015-ci ildə M3 pul aqreqatının azalması əsasən xalis daxili aktivlərin azalması hesabına baş verib”.
 
Məlumatda bildirilib ki, xalis xarici aktivlər isə yenidən qiymətləndirmə nəticəsində manat ifadəsində artıb və pul kütləsinə artırıcı təsir edib. 2015-ci ildə dollarlaşma səviyyəsi yüksəlib. Xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi ilin sonuna 76,8% təşkil edib. Xarici valyutada əmanət və depozitlərin M3 pul kütləsində payı isə dövrün sonuna 59,6% olub. Xarici valyutada depozitlərin cəmi depozitlərdə payının artımı qismən xarici valyutada depozitlərin manat ifadəsində dəyərinin artmasından qaynaqlanır.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et