Mərkəzi Bank: Manatın sabitliyi qorunacaq | Banco.az

Mərkəzi Bank: Manatın sabitliyi qorunacaq

Cari ildə də Mərkəzi Bankın məzənnə siyasəti valyuta bazarında tarazlığın təmin olunmasına və manatın məzənnəsinin sabitliyinə yönəldiləcək.

Bu barədə Mərkəzi Bankdan Gün.Az-a manatın devalvasiyasının mümkünlüyü ilə bağlı yayılan fikirləri şərh edərkən bildirilib.

Qeyd olunub ki, ABŞ dolları/manat ikitərəfli məzənnəsinin hədəflənməsi məzənnə siyasətinin əməliyyat çərçivəsini təşkil edir.

Məlumatda deyilir ki, tədiyə balansının profisiti manatın məzənnəsinə təsir edən başlıca makroiqtisadi amil olacaq.

“Proqnozlarına görə, 2014-cü ildə də Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabında əhəmiyyətli profisitin olacağı və ölkənin valyuta ehtiyatlarının artmaqda davam edəcəyi gözlənilir. Qeyd edək ki, ölkənin mövcud valyuta ehtiyatları dünyada qəbul olunmuş kifayətlilik normalarını əhəmiyyətli üstələyir”.

Məlumatda bildirilir ki, Azərbaycanın son qlobal iqtisadi böhran sınağından uğurla çıxmasında, ölkədə makroqitisadi və maliyyə sabitliyinin qorunmasında manatın məzənnəsinin sabitliyi mühüm rol oynayıb.

“2008-2009-cu illərdə əksər tərəfdaş ölkələri devalvasiya dalğası bürüdüyü halda manatın sabitliyi təmin edildi. Təsadüfi deyil ki, Azərbaycanda qlobal iqtisadi böhranın potensial təsirlərinə qarşı görülən tədbirlər, o cümlədən manatın sabitliyinin qorunması beynəlxalq maliyyə təşkilatları tərəfindən də dəfələrlə təqdir edilib”.

Qeyd edək ki, bu ay ərzində Qazaxısatan öz pulunu devalvasiya edib və Qazaxıstanın Milli Bankı milli valyuta tengeni 19 faiz dəyərdən salandan sonra rəsmi məzənnə 1 ABŞ dollarına 155  tengedən 185 tengeyə qalxıb.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et