Azərbaycan Mərkəzi Bankı ilin sonunadək ESG (ekoloji, sosial və idarəetmə) risklərinin maliyyə sistemində daha effektiv idarə olunması üçün yeni makroprudensial alətlərin hazırlanmasını planlaşdırır.
Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının direktoru Şahin Mahmudzadə Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində “8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu: Dayanıqlı inkişaf üçün innovativ maliyyələşmə – yardım və ənənəvi Rəsmi İnkişaf Yardımının (ODA) hüdudlarından kənarda” mövzusunda təşkil olunan sessiyada bildirib.
Onun sözlərinə görə, həmin alətlər ESG risklərinin kapital planlamasına inteqrasiyasını təmin edəcək və beynəlxalq tənzimləmə standartlarına, o cümlədən yenilənmiş “Bazel” prinsiplərinə uyğunlaşmada mühüm rol oynayacaq:
"Eyni zamanda ilin sonunadək keçid riskləri stress test çərçivəsinə daxil ediləcək".
