Mərkəzi Bank iki BOKT-un vəzifəli şəxsini cərimələyib | Banco.az

Mərkəzi Bank iki BOKT-un vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı cari nəzarət tədbirləri nəticəsində iki bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.

Bu barədə Mərkəzi Bank (AMB) məlumat yayıb. 

AMB-nin məlumatına görə, hər iki halda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən tədbir görülüb.

Belə ki, yanvar ayında “Azərbaycan Mikro-Kredit” BOKT ASC-nin vəzifəli şəxsi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 min manat məbləğində cərimə edilib.

Fevral ayında isə BOKT “Falcon Finance” MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 min manat məbləğində cərimələnib.

“Azərbaycan Mikro-Kredit” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1.72 milyon manatdır. BOKT-un təsisçiləri Kazım Hüseynov (50 %) və Səbuhi Əzizovdur (50 %).

“Falcon Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. BOKT-un təsisçiləri hər biri 50 % payla Vüsal Tağıyev və Brilyant Salmanovadır.