Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində iki bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb olunub.
Banco.az xəbər verir ki, “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsi və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulmasına görə BOKT İDK MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə əsasən 2 000 manat məbləğində cərimə edilib.
Eyni pozuntuya görə “Prior Credit” BOKT ASC-nin vəzifəli şəxsi də inzibati məsuliyyətə cəlb olunaraq 3 000 manat cərimə olunub.
Mərkəzi Bankın açıqlamasına görə, hər iki halda pozuntular kredit reyestrinə məlumatların verilməsi tələblərinin düzgün icra olunmaması ilə bağlıdır.
BOKT “İDK” 2011-ci ildə təsis edilib, 802 min manat nizamnamə kapitalı var. BOKT-nin nizamnamə kapitalının 100%-i Əliyar Əsgərov adlı şəxsə məxsusdur. Ə.Əsgərov həmçinin Müşahidə Şurasına sədrlik edir.
“Prior Credit” 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,1 milyon manatdır. BOKT-un təsisçisi 100 % “Prior Leasing” ASC-dir.
