Azərbaycan Respublikasının Mərkəzi Bankı “Bilik mübadiləsi” layihəsi çərçivəsində “Junior Achievement Azərbaycan” (JAA) təşkilatı ilə birlikdə tələbələrin bank və maliyyə biliklərinin artırılmasına dair növbəti təlim proqramını həyata keçirib.
Bankdan bildiriblər ki, “Bank sisteminin inkişafında Mərkəzi Bankın rolu” mövzusunda olan mühazirələr Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində təşkil edilib. Təlimin məqsədi ali məktəb tələbələrinin bank və maliyyə sahəsi üzrə biliklərinin artırılması olub. Mərkəzi Bankın mütəxəssisləri tərəfindən keçirilən 5 günlük treninqdə tələbələrə pul və məzənnə siyasəti, ödəniş sistemlərinin təşkili, bank nəzarəti və tənzimlənməsi, maliyyə bazarları, mərkəzi bankda modelləşdirmə və proqnozlaşdırma və s. məsələlər haqqında ətraflı məlumatlar verilib, iştirakçıların mövzulara dair sualları cavablandırılıb.
Təlimdə Azərbaycan Dövlət İqtisad Universiteti, “ADA” Universiteti və Qafqaz Universitetinin müvafiq ixtisaslar üzrə təhsil alan müsabiqə yolu ilə seçilmiş 30 tələbəsi iştirak edib.