Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq təşkilatının rəhbəri İİTKM-də olub | Banco.az

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq təşkilatının rəhbəri İİTKM-də olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Asiya İnkişaf Bankının (AIB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun nümayəndələri ilə görüş keçirilib.

 Qonaqları qəbul edən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı ölkədə həyata keçirilən iqtisadi islahatlar, “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və eləcə də, İİTKM-in strateji inkişaf proqramlarının monitorinqi və qiymətləndirilməsi sahəsində fəaliyyəti və digər layihələr barədə qonaqları məlumatlandırıb. O bildirib ki, Azərbaycan, Mərkəzi Asiya ilə Avropa arasında regional əməkdaşlıq, ticarət və yükdaşımaların artırılması istiqamətində aparıcı ölkə olmaqla regional infrastruktur və logistika mərkəzlərinin yaradılmasına investisiyalarını davam etdirir. İİTKM, həm beyin mərkəzi, həm də strategiyaların icra prosesini asanlaşdıran qurum olmaqla ölkənin inkişaf və islahat gündəliyinin kommunikasiyası və inkişaf partnyorları ilə koordinasiyasını həyata keçirir.

  Görüşdə Bakıda keçirilən “CAREC Beyin Mərkəzlərinin 6-cı İnkişaf Forumunda” iştirakla əlaqədar Azərbaycanda səfərdə olan CAREC İnstitutunun direktoru Seyid Şakil Şah və baş iqtisadçısı Hans Holzhaker qurumun fəaliyyəti və Mərkəzi Asiya regionunda həyata keçirilən layihələr barədə məlumat veriblər.

 Ardınca İİTKM-in əməkdaşları Mərkəzin operatoru olduğu https://monitoring.az/, https://azranking.az/, https://azexport.az/, https://enterpriseazerbaijan.gov.az/https://dth.az/ kimi rəqəmsal portallar və makro-iqtisadi təhlil üzrə tətbiq olunan modellər barədə təqdimatlar ediblər.

Ən sərfəli kredit üçün müraciət et

  CAREC İnstitutunun direktoru Seyid Şakil Şah İİTKM-in strateji idarəetmə, inkişaf strategiyalarının monitorinqi və qiymətləndirilməsi, rəqəmsal ticarət portalları vasitəsilə göstərilən xidmətlər sahəsində fəaliyyəti və əldə edilən təcrübələrin CAREC-in digər üzv ölkələri ilə mübadiləsini əhəmiyyətli hesab edib. O həmçinin rəhbərlik etdiyi qurumun bilik mübadiləsi proqramı çərçivəsində İİTKM-lə əməkdaşlıq və birgə forumların təşkil olunmasının vacibliyini qeyd edib.

Sonda qonaqlar İİTKM-də fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et