Mənzil bazarında bahalaşma qaçılmaz olacaq | Banco.az

Mənzil bazarında bahalaşma qaçılmaz olacaq

“Aprel ayında təkrar mənzil bazarında qiymətlərdə 6,16%, ilkin mənzil bazarında isə 6,98% azalma müşahidə olunub”. 

Bunu “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, apreldə bazarda aktivlik aşağı düşüb: “Bir müddət banklar bazarda ipoteka kreditlərinin həcmini artırdılar və ona görə də əvvəlki aylarda qiymətlərdə artım oldu. 

Amma son iki ayda ipoteka kreditlərinin həcmində azalmalar var və müvafiq olaraq bazarda pul kütləsinin azalması müşahidə edilir. Ona görə də, alqı-satqı əməliyyatlarında azalmalar olub və bu da öz növbəsində qiymətlərə təsir edib”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert hesab edir ki, qiymətlərin aşağı düşməsi növbəti aylarda davam etməyə bilər: “Yəqin ki, bu azalma müvəqqəti bir amildir. Ona bilsin, yay aylarında qiymətlər stabilləşsin, ancaq ilin sonuna doğru bahalaşma qaçılmaz olacaq. 

Ona görə ki, 2015-ci ildə manat dollar qarşısında dəyərini itirdi, ancaq 2016-cı ildə qiymətlər artmadı, 2017-ci ilin ilk üç ayı ərzində müəyyən qədər artdı, apreldə isə yenə azalma baş verdi.

Yəni, tədricən insanlar manatın dəyəri ilə razılaşdıqca, bazara qayıdacaqlar və bununla da aktivlik artacaq və qiymətlərdə də artım qaçılmaz olacaq”.

Mənbə: Trend.az