Maliyyə cəhətdən qeyri-sabit cəmiyyətimizdə mənfi kredit tarixçəsi səbəbindən kredit götürmək imkanından məhrum olan şəxslərin sayı artıb. Hal-hazırda bu xoşagəlməz vəziyyət ən çox qeydə alınan faktlardan biridir. Lakin bütün bunlara baxmayaraq, mənfi kredit tarixçəsinə malik olan şəxs də bankdan kredit götürmək hüququna malikdir.
Banka müraciət etməzdən öncə borcalan bankın vahid məlumat bazasını və bu bazada bütün vətəndaşların kredit tarixçəsinin yer aldığını nəzərə almalıdır. Çünki banklar həmin məlumat bazasında yer alan informasiyadan istifadə etməklə, müştəriyə kredit verilib-verilməməsinə dair qərar qəbul edirlər. Təcrübə göstərir ki, əksər hallarda, mənfi kredit tarixçəsinə malik şəxs kredit almaq üçün müraciət etdikdə, bank tərəfindən şəxsin bu müraciətinə rədd cavabı verilir.
Belə bir vəziyyətdə leqal yollardan istifadə sizin köməyinizə çata bilər:
Mənfi kredit tarixçəsinə malik olduğu halda kreditə ehtiyac duyan insan, ilk növbədə, digər maliyyə-kredit təşkilatlarına müraciət edə bilər. Lakin mütləq şəkildə qeyd etməliyik ki, hətta bu tipli təşkilatlara müraciət etdikdə belə, mənfi kredit tarixçəsinə malik insanlar avtomatik olaraq kredit verilməsi üzrə daha sərtləşdirilmiş şərtlərlə qarşılaşırlar. Belə ki, kreditləri vaxtlı-vaxtında ödəyən müştərilərlə müqayisədə, bu şəxslərə kredit üzrə daha yüksək faiz dərəcələri təklif olunur. Bununla yanaşı, verilən kreditin maksimal məbləği də xeyli dərəcədə azaldılır. Hətta bəzən həmin təşkilatlar kredit müqabilində zamin və ya girov tələb edirlər.
Mənfi kredit tarixçəsini düzəltməyin ən yaxşı üsulu kredit kartının və ya mağazada istehlak ehiyacları üzrə kreditlərin rəsmiləşdirilməsidir. Bundan sonra, atacağınız növbəti addım ödənişləri zamanında və gecikmə olmadan həyata keçirməkdir. Əslində isə krediti vaxtından əvvəl ödəmək daha məsləhətlidir. Adətən, bank işçiləri sizin son 2 ilə aid kredit tarixçənizi araşdırırlar. Əgər siz kredit kartı üzrə borclarınızı və ya istehlak kreditinizi zamanında və heç bir gecikmə olmadan ödəmisinizsə, bu zaman bankın sizə olan münasibəti dəyişir və o artıq sizə müsbət kredit tarixçəsinə malik olan müştəri kimi yanaşmağa başlayır. Bununla da, növbəti dəfə sizə kredit verilən zaman bu müsbət hal nəzərə alınır və sizə sərfəli şərtlərlə kredit almaq imkanı verilir.
Bəzi hallarda mütəxəssisin - kredit brokerinin köməyinə və məsləhətinə ehtiyac olur. Əslində, kredit tarixçənizi müsbətə doğru dəyişməkdə və münasib şərtlərlə kredit almaq imkanını əldə etməkdə həmin brokerin peşəkarlığı, təcrübəsi, əlaqələri və bilikləri mühüm rol oynaya bilər. Kredit brokeri əsaslı arqumentlərdən istifadə edərək bank işçilərini sizin məsuliyyətli və nizam-intizamlı bir ödəyici olduğunuza inandıra bilər. Bununla yanaşı, o, keçmiş səhvlərinizə haqq qazandırmağa çalışmaqla, sizin maliyyə vəkiliniz rolunda da çıxış edə bilər.
Sevinc İbadova/Banco.az