Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bank sektorunda normativ tənzimləməni ən yüksək standartlar və qabaqcıl beynəlxalq təcrübə əsasında həyata keçirməyə çalışır. Bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı forumun ikinci günündə Palatanın Hüquq təminatı İdarəsinin rəisi Nurlan Babayev deyib.
Onun sözlərinə görə, hər hansı nomativ akt qəbul edilməzdən əvvəl maliyyə bazarı müşahidə edilir, bazar iştirakçılarının davranışı, eləcə də beynəlxalq maliyyə bazarlarında baş verən dəyişikliklər nəzərə alınır: "Son illər neftin ucuzlaşması ilə Azərbaycan manatı devalvasiyaya uğradı, buna görə də banklardakı ehtiyat norması, açıq valyuta mövqeyi ilə bağlı tələblər dəyişdirildi, sağlam kreditləşməyə keçildi. Amma maliyyə bazarında dəyişikliklər hələ də davam edir. Buna görə də hesab edirik ki, artıq əvvəlki normativ aktlar işə yaramır, onlar dəyişdirilməli, banklara qarşı kapital tələbləri sərtləşdirilməlidir".
MBNP rəsmisi qeyd edib ki, maliyyə bazarlarının yaxşı tənzimlənməsi, lazım olan anda bazara effektiv müdaxilə edilməsi üçün Azərbaycan Mərkəzi Bankı ilə sıx əməkdaşlıq edilir: "Palatanın nəzarət alətlərinin effektivliyi AMB-nin bazara vaxtında müdaxiləsindən də asılıdır".
Mənbə: Report.az