Müəllif:Ayşən İmanova/Banco.az
Yaponiyanın avtomobil istehsalçısı “Mazda”nın 2025-ci maliyyə ilinin doqquz ayı ərzində (aprel-dekabr) xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 45,3% azalaraq 90,6 milyard yenaya (595 milyon dollar) düşüb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Əməliyyat mənfəəti 25,9% azalaraq 148,254 milyard yen olub. Eyni zamanda, gəlir 3,4% artaraq 3,689 trilyon yen təşkil edib.
Üç maliyyə rübü ərzində şirkət 966 min avtomobil satıb ki, bu da ötən illə müqayisədə 4% çoxdur. Şimali Amerikada avtomobillərin satışı 22% (464 min ədədə), ABŞ-də isə 17,9% (324 min ədədə qədər) artıb. Bununla yanaşı, Çində satışlar 20,4% (58 min avtomobilə qədər) azalıb.
Martda başa çatacaq cari maliyyə ilində “Mazda” 140 milyard yen (əvvəlki maliyyə ili ilə müqayisədə 32,6% azalma) xalis mənfəət, 200 milyard yen əməliyyat mənfəəti (azalma 20,2%), 5 trilyon yen gəlir (artım 3,6%) əldə etməyi planlaşdırır.
Qeyd edək ki, son üç ayda avtomobil istehsalçısının kapitallaşması 2,6% artıb.