“Mars” “Pringles” istehsalçısını 36 milyard dollara almağı planlaşdırır | Banco.az

“Mars” “Pringles” istehsalçısını 36 milyard dollara almağı planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın qənnadı nəhəngi “Mars” “Cheez-It” və “Pringles” istehsalçısı “Kellanova”nı 36 milyard dollara almağa razılığa gəlib.

Banco.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sövdələşmə çərçivəsində “Mars” “Kellanova”nın hər səhminə görə 83,5 dollar ödəyəcək. Kredit borcu daxil olmaqla əməliyyatın ümumi məbləği 35,9 milyard dollar təşkil edəcək.

Şirkətdən verilən açıqlamaya görə, qeyd olunan qiymət “Kellanova” qiymətli kağızlarının planlaşdırılmış alış xəbərindən 30 gün əvvəl qeydə alınmış orta qiymətindən 44% yüksəkdir.

Bildirilir ki, sövdələşmə tamamlandıqdan sonra “Mars” “Kellanova”nın bütün markalarını, aktivlərini və əməliyyatlarını öz üzərinə götürəcək. Nəticədə, şirkət xüsusilə, “Pringles” çipsləri, “Cheez-It” krakerləri və “Pop-Tarts” peçenye markalarının mülkiyyətini əldə edəcək.

Satınalmanın rəsmiləşdirilməsi “Kellanova” səhmdarları və tənzimləyici orqanlar tərəfindən təsdiqlənməlidir. Müqavilənin gələn ilin birinci yarısında bağlanacağı gözlənilir.

Qeyd edək ki, “Mars” dünyanın aparıcı qida və heyvan yemi istehsalçılarından biridir. Şirkət “Snickers”, “M&M'S”, “Skittles”, “Milky Way”, “Pedigree” və “Whiskas” kimi brendlərin sahibidir.