Tamara Mustafayeva, Banco.az
Marka anlayışını yaradan komponentlər markanın loqosu, hekayəsi, şüarı kimi bir çox müxtəlif ünsürdən ibarətdir. Hətta müəyyən bir markanın hədəf auditoriyaya çatmasında sözügedən ünsürlərin müstəsna rolu vardır. Bununla belə, vaxt keçdikcə markalar "rebranding" çərçivəsində ilkin mərhələdə müəyyən etdikləri loqo və ya şüarı dəyişdirməli olurlar. Məsələn, rəqəmsal dünyanın populyarlaşdığı bu dövrdə ayrı-ayrı markalar da onlayn istifadəyə uyğun loqolara üstünlük verirlər.
Markalar üzrə mütəxəssis Thomas J. Stevens isə markalar ilk dəfə istifadə etdikləri loqoları dəyişdirməsəydi və bu gün hələ də həmin loqolarla tanınsaydı necə olardı deyə araşdırma aparıb.
“tjscreates” adlı Instagram hesabında tanınmış markaların keçmiş loqolarını məhsullara yerləşdirməklə yayımlayan Stevens bu zaman ortaya çıxan dizaynlarla, əslində həmin loqolardan hazırda istifadə ediləcəyi təqdirdə onların dəbdən düşmüş, oxunulmayan və gözə çarpmayan dizayna malik olacaqlarını göstərib.
O, həmçinin müasir dövrdə "rebranding"in bu dərəcədə uğurlu olmasına səbəb olan amillər sırasında asan yadda qalan, çoxtərəfli, sadə və ölçüsü dəyişdirilən olmalarını xüsusi vurğulayıb. McDonald’s, Twitter, Amazon, Apple, Under Amour, Starbucks kimi markaların yer verildiyi dizaynlara baxdığımız zaman sözügedən markaların keçmiş loqolarının müasir dövrdə istifadəsinin çox da uyğun olmadığını görürük.
Bizi sosial şəbəkələrdən izləyin!!