Manatı dəyişməklə iki qat zərərə gedənlər | Banco.az

Manatı dəyişməklə iki qat zərərə gedənlər

Gündəmdə olmaq arzusu

Azərbaycan elə bir ölkədir ki, burada əksəriyyət gördüyü fəaliyyət ilə deyil, daha çox danışdıqları ilə gündəmdə qalmağı sevir. Sosial şəbəkələr meydana gəldikdən sonra isə insanların yazdıqları ilə danışdıqları arasında elə də bir fərq qalmayıb, çünki əksəriyyət elə danışdığı kimi də yazır.

Yəni bizim ölkə  hamının özünü iqtisadçı, siyasətçi, nəqliyyat və mədəniyyət sahəsi üzrə ekspert kimi təsəvvür edib, deyəcəyi sözlərin mahiyyəti haqqında çox az təsəvvürə malik şəxslər ölkəsidir. Məhz bu səbəbdəndir ki, Mərkəzi Bankın məzənnə siyasətinin dəyişdirilməsi az qala bağçalardan tutmuş, restoranlara qədər hər kəsin dilindən düşmür. Başqa vaxtlarda “pulsuzluqdan ağlayanlar” “pulların dəyişə bilməməkdən” şikayətlənlənir. Maraqlıdır ki, insanlar “olmayan manatlarını” necə dəyişmək istəyir:

Təəssüf ki, bu gün gündəmdə qalmaq arzusu əksər media nümayəndələrini də bu mövzunu lazım olduğundan artıq və düzgün olmayan tərzdə şişirtməsinə səbəb oldu. Çünki bizim ölkədə hətta “Panikaya düşməyin” kəlməsi belə insanları əlavə təlaşa sürükləyir. Bəzi agentliklər isə sanki "manatın düşməsinə" sevinirmiş kimi davranırlar. Qısaca isə belə demək olar ki, bugünkü hər hansı bir saytın və kanalın bir günlük və ya bir həftəlik daha baxımlı olmaq arzusu, neçə-neçə vətandaşın təşvişə düşərək öz əmanətlərini banklardan geri çəkməsi və ya məzənnəsinin dəyişdirməsi ilə nəticələnir. Hamı bu tepmdə davam edərsə, bunun banklar üçün fəsadları həqiqətən çox ciddi ola bilər.

Sərbəst bazar iqtisadiyyatının tələbi

Amma sosial şəbəkələrdə sağlam fikirlərə də rast gəlmək mümkündür. Məsələn, Kapital Bankın marketinq direktoru Vüsal Nağıyev sosial şəbəkədə öz fikirlərini belə paylaşır: “Manatın ucuzlaşması gözlənilən və labüd proses idi. Neftin ucuzlaşması bu prosesi sadəcə sürətləndirdi. Bu, sərbəst bazar iqtisadiyyatını gücləndirmək üçün ən vacib meyarlardan biridir. Tələb-təklif prinsipi hər şeyin real dəyərini formalaşdıracaq”. Vüsal Nağıyevin həmçinin qeyd edir ki, istənilən halda biz də dünyanin azad, sərbəst iqtisadiyyatlı dövlətlərindən biriyiksə və olmaq istəyiriksə, başa düşmək lazımdır ki, hər şey həmişə yaxşı olmur, real həyatda yüksəlişlər olduğu kimi, enişlər də var.

Ən sərfəli kredit üçün müraciət et

“Sərbəst bazarda hər şeyin qiymətini tələb -təklif formalaşdırır. Dövlətin məzənnəni tənzimləməsi isə idxalın və ya ixracın vəziyyətinə uyğun valyuta (milli və ya xarici) intervensiyası yolu ilə baş verir. Neft ixrac edən ölkə üçün milli valyutanın ucuzlaşması büdcə kəsirini tənzimləməyə kömək edir. Eyni zamanda milli valyutanın sabitliyi inflasiyanı tənzimləməyə xidmət edirdi və həmçinin də əksinə. Buna görə də dövlət manatı qorumaq üçün xüsusi ilə son bir neçə ayda böyük vəsait xərcləyib. İndiki proses də nəzarətdədir və bir yerdə sabitləşəcək. Manatın bir və ya iki valyutaya qarşı tənzimlənməsi isə bu işin sadəcə bir şəkilidir”.

#‎manatadestek

Sosial şəbəkələrdən danışıb, facebook fəallarının başladığı #‎manatadestek kampaniyasını qeyd etməmək də olmaz. Bir çox dostlarımız milli valyuya dəstəklərini bu formada ifadə edirlər.

Hazırda ölkə xaricinə getməyə hazırlaşmayan və sadəcə kiçik depozitlərini və ya əllərindəki sərbəst pulu dollara çevirənlərə isə sözümüz: Əgər o pulu Azərbaycanda xərcləməyi düşünürsünüzsə, onsuzda onu gec-tez manata çevirəcəksiniz və unutmayın ki, konvertasiya xərciniz iki qat olacaq, bir indi, bir də təkrar çevirəndə.

Depozitlərinizi də çıxarmağa tələsməyin. Birinci ona görə ki, hesablanmış faizlərinizi itirəcəksiniz. İkincisi də ona görə ki, normalda ölkədə manatla olan depozitlərin faizləri valyuta ilə olanlardan daha yüksək olub və bu tendensiya davam edəcək.

İndi sizin depozitləri xarici valyutaya çevirməyiniz isə kredit alanların alacaqları vəsaiti dollar ilə almasına səbəb olur və onlar da həmin vəsaitdən istifadə etmək üçün onu yenidən konversiya etmək məcburiyyətində qalacaq. Bütün bu proseslər bir-birinə bağlıdır. Əgər hazırda ölkədə iqtisadi artımı simullandırmaq üçün inflyasiyaya getmək lazımdırsa, biz buna əngəl ola bilmərik və olmalı deyilik, məhz elə inkişafımız naminə.

Könül Soltanova, Banco.az