Maliyyəçilər üçün maliyyə uçotunun izahı: DƏRS 3 | Banco.az

Maliyyəçilər üçün maliyyə uçotunun izahı: DƏRS 3

Sizi hər dəfə yeni rubrikalarla sevindirən Banco.az komandası bu dəfə də sizlər üçün həftəlik yeni bir rubrika üzrə yazır. Məqaləmiz bazarda ən çox tələb olunan maliyyə uçotu üzrə suallar və onların izahlarından ibarətdir. Bu rubrikamız  Financial Accounting beynəlxalq sertifikatı almaq istəyənlər üçün köməkçi olacaq.  Üçüncü  dərsimiz maliyyə hesabatının standartları və  bir nömrəli hesabatdan ibarət olacaq.

1) Sual: Bizə məlum olan beynəlxalq mühasibat uçotu standartları hansılardır? 

Cavab: İmtahana düşəcəklər ulduzla işarələnmişdir.

2) Sual: 1 Nömrəli BMHUS açıqlanmasında hansı fundamentlər fərziyyələr açıqlanır?

Cavab: Ədalətli təqdimat, fəaliyyətin fasiləzliyi, hesablama metodu, davamlılıq

3) Sual: 1 Nömrəli BMHUS-un əsas məqsədi nədir?

Cavab: Hesabat ili üçün tərtib edilmiş maliyyə hesabatları ilə həmin təşkilatın əvvəlki dövrlər üçün hazırladığı maliyyə hesabatları, eləcə də digər təşkilatların maliyyə hesabatları arasındakı müqayisəni təmin edən ümumi təyinatlı hesabatlarıın təqdim edilməsi üzrə əsasların müəyyən edilməsidir.

4) Sual: 1 Nömrəli BMHUS-a görə, maliyyə hesabatlarının tam toplusu hansı komponentlərdən ibarət olmalıdır?

Cavab:  

- Maliyyə vəziyyəti haqqında hesabat 

- Mənfəət və zərər haqqında hesabat

- Kapitalda dəyişiklər haqqında hesabat

- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

5) Sual: Uçot siyasəti hansı xususiyyətlərə malik olmalıdır?

Cavab:

- İstifadəçilərin qərar qəbul etmə ehtiyaclarına münasib olmalı

- Etibarlı olmalı

- Müqayisə edilə bilən olmalı

- Anlaşılan olmalı

6) Sual: Fəaliyyətin fasiləsizliyi nə deməkdir?

Cavab: Müəssisənin fəaliyyətinin fasiləsiz olması, yəni yaxın gələcəkdə fəaliyyətinin davam edəcəyi gözlənilir. Ehtimal olunur ki, müəssisənin rəhbərləri müəssisəni ləğv etmək və ya kommerisya fəaliyyətinin  böyük hissəsini dayandırmaq kimi hər hansı bir niyyəti və məqsədi yoxdur.

7) Sual: Fəaliyyəti fasiləsizliyinə misal göstərə bilərsən?

Cavab: 

A şirkəti ilkin dəyəri 100 000 AZN məbləğində  olan elektriklə işləyən nəqliyyat vasitəsi alır, aktivin faydalı istifadə müddəti 5 il olaraq qiymətləndirilir və bu müddət ərzində nəqliyyat vasitəsinin dəyərinin mənfəət və zərər haqqında hesabata silinməsi qəbul edilir. Bu halda, il üzrə 20 000 AZN məbləğində amortizasiya xərci hesablanılır.

Ən sərfəli kredit üçün müraciət et

Fəaliyyətin fasiləsizliyi prinsipinə əsasən deyə bilərik ki, şirkətin satın aldığı bu aktiv 5 il faydalı istifadə müddətində işləyəcəkdir.  Hər il 20 000 AZN məbləğində amortizasiya xərci hesablanır, müəssisənin maliyyə vəziyyəti haqqında hesabatda şirkətin satın aldığı aktivin dəyəri onun ilkin dəyəri ilə hazırki tarixə hesablanmış amortizasiya xərci arasındakı fərq kimi göstərilir. Yəni, həmin aktivin birinci ildə dəyəri 80 000 AZN ( 100 000 - 20 000) , ikinci ildə dəyəri 60 000 (80 000 - 20 000) , beşinci ildə isə dəyəri 0  AZN olacaqdır. 

8) Sual: Hesablama metodu (fərziyyəsi) nə deməkdir?

Cavab: Hesablama fərziyyəsinə əsasən, mənfəət hesablanarkən qazanılmış gəlir onun qazanılması üçün çəkilən xərclər ilə üzləşdirlməlidir. Buna üzləşdirmə konvensiyası da deyilir.

9) Sual Hesablama metoduna dair misal verə bilərsən?

Cavab: Əhməd öz fəaliyyətinin birinci ayı ərzində (may) hər birinə 10 AZN məbləğində xərc çəkilən 20 masa düzəldib, Daha sonra onların hər birini 15 AZN-ə satmışdır. Buna görə də Əhmədin çəkdiyi xərc 200 AZN, gəliri isə 300 AZN olub. 

Əgər Əhməd 20 masadan 16-ı satsa,  20 masaya çəkdiyi xərci mənfəət və zərər haqqında hesabata xərc kimi yazılması düzgün olmazdı, çünki mal-material ehtiyyatlarında 4 satılmamış masa qalmışdır, əgər Əhməd onları iyun ayında satsa çox güman ki, bu satışdan mənfəət əldə edəcəkdi. Ona görə də yalnız 16 masaya çəkilən xərc ilə onların satışından alınan gəlir, bir-biri ilə tutuşdurulmalıdır. Nəticədə Əhmədin xərci 160  AZN,  gəliri isə 240 AZN olacaq. Yəni 80 AZN mənfəət əldə edəcək.

Hesabatda isə aşağıdakı kimi əks olunacaq:

Aktivlər

Mal-material ehtiyyatları (ilkin dəyəri ilə , yəni 4x10 AZN)       40 AZN

Debitor borclar (16x15)                                                              240 AZN

Cəmi                                                                                             280 AZN

 

Kapital və öhdəliklər

Sahibkarın kapitalı (dövr üzrə mənfəət)                                    80 AZN

Kreditor borclar  (20x10)                                                            200 AZN

Cəm                                                                                               280 AZN

10) Sual: Təqdimatın davamlılığı nədir?

Cavab: Maliyyə hesabatında maddələrin təqdimatı və təsnifatı üzrə dövrlər eyni olmalıdır. Aşağıdakı istisna hallar mövcuddur.

- Əməliyyatların xarakterində əhəmiyyətli dəyişiklik olmuş, maliyyə hesabatlarının təhlilindən sonra daha uyğun təqdimat müəyyən edilmişdir.

- Təqdimatda dəyişiklik hər hansı bir BMHS tərəfindən tələb edilir. 

Xəzər Aslanov, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et