Müəllif: Dos. Dr. Aydın Hüseynov,İdarə Heyətinin Sədri v.i. AFB Bank ASC
Bu məqalədə kommersiya (SME) və koorporativ kreditlərin eləcədə investitsiya layihələrinin analizləri zamanı kredit mütəxəssislərinin və investitsiya menecerlərinin ən çox ehtiyac duyduğu Maliyyə Hesabatlarının Təhlilindən daha dəqiq qeyd etsək Nisbət (Ratio) və ya başqa bir adıyla Əmsal Analizindən bəhs edəcəm.
Maliyyə cədvəllərinin analizi zamanı aşağıdakı 4 əsas metoddan istifadə edilir:
- Üfüqi və ya müqayisəli analiz (Horizontal analysis)
- Şaquli analiz (Vertical analysis)
- Meyllilik və ya tendensiya analizi (Trend analysis)
- Nisbət, əmsal və ya rasyo analizi (Ratio analysis)
Bu məqalədə Maliyyə Cədvəllərinin Analizində daha çox istifadə olunan Rasyo Analizi haqqında ətraflı məlumatlar veriləcəkdir.
Şirkətin Balans və Mənfəət - Zərər hesabatlarının maddələri arasında nisbətlər qurularaq aparılan analizə Nisbət və ya Rasyo Analizi deyilir. Rasyo analizində Balans və Mənfəət - Zərər hesabatlarının bir biri ilə əlaqəli olan maddələri bir birinə bölünərək nisbətlər qurulur və bu nisbətlərin dəyərləri incələnir. Rasyo analizi 4 qrupa bölünür:
- Likvidlik rasyoları (Liquidity ratios)
- Maliyyə və ya borcluluq rasyoları (Financial or Solvency ratios)
- Fəaliyyət və ya əməliyyat rasyoları (Activity or Operational ratios)
- Mənfəətlik rasyoları (Profibility ratios)
Likvidlik Rasyoları
Likvidlik rasyoları bir şirkətin qısa müddətli borc ödəmə gücünü ölçmək üçün istifadə olunur. Likvidlik rasyoları aşağıdakılardır:
- Cari Likvidlik Əmsalı və ya Cari rasyo (Current ratio)
- Ani Likvidlik Əmsalı və ya Cəld rasyo (Quick or Acid test ratio)
- Nağd rasyo (Cash ratio)
- Stok və ya Ehtiyyat asılılıq rasyosu (Stock or Inventory Dependency Ratio)
Cari Rasyo
Cari Likvidlik Əmsalı və ya Cari rasyo (Current ratio - CR), Dövriyyə vəsaitlərinin (Current Assets - CA) Qısa müddətli öhdəliklərə (Short term liabilities - SL) bölünməsi ilə hesablanır:
CR = CA / SL
Burada, Cari Aktivlər bütün dövriyyə vəsaitləridir və kassa, hesablaşma hesabları (bank hesabları), 1 ilə qədər olan debitor borcları, verilmiş avanslar, mal ehtiyyatları və 1 ilə qədər olan digər dövriyyə aktivlərindən ibarətdir. Qısa müddətli öhdəliklərə 1 ilə qədər olan kreditor borcları, alınmış avanslar, 1 ilə qədər olan maliyyə və kredit borcları və 1 ilə qədər olan digər öhdəliklər aiddir. Cari likvidlik əmsalı bir mənalı olaraq 1-dən böyük olmalıdır. Əgər bu nisbət 1-dən böyük isə o halda şirkət və ya müəssisə öz qısa müddətli öhdəliklərini ödəyəbilmə qabiliyyətinə malikdir. Əks halda yəni nisbət 1-dən kiçik isə bu zaman şirkət və ya müəssisə öz qısa müddətli öhdəliklərini ödəyəbilmə qabiliyyətinə malik olmayacaqdır. Bu nisbətin 1,5-dən az olmaması arzu olunandır və kafi sayılır.
Cəld Rasyo
Ani Likvidlik Əmsalı və ya Cəld rasyo (Quick ratio - QR), Ehtiyyatlar (Inventories - I) istisna olmaqla dövriyyə vəsaitlərinin qısa müddətli öhdəliklərə bölünməsi ilə hesablanır:
QR = (CA - I) / SL
Burada, mal ehtiyyatları dedikdə, xammal, yarımfabrikat, hazır məhsullar və ticarət üçün alınmış məhsullar başa düşülür. Şirkətin dövriyyə vəsaitləri içərisində ən gec pula çervilən vəsaitlər mal ehtiyyatlarıdır. Bu nisbətin mənası odur ki, şirkət və ya müəssisə mal ehtiyyatlarını satmadan öz qısa müddətli öhdəliklərini ödəyəbilmə qabiliyyətinə malikdir yoxsa deyildir. Yuxarıda qeyd etdiyimiz kimi bənzər şəkildə bu nisbətin 1-dən az olmaması arzu olunandır.
Cəld rasyo ola biləcək bir böhran əsnasında Cari rasyoya nəzərən daha yaxşı bir göstərici olaraq qəbul edilməkdədir.
Nağd rasyo
Nağd rasyo (Cash ratio - CSR), Nağd və nağd ekvivalentli cari aktivlərin (Cash and cash equivalence assets - CEA) Qısa müddətli öhdəliklərə bölünməsi ilə hesablanır:
CSR = CEA / SL
Burada, Nağd və nağd ekvivalentli cari aktivlər dedikdə, kassa, hesablaşma hesabları (bank hesabları) və əgər varsa qiymətli kağızlar başa düşülür. Bu nisbətin mənası odur ki, şirkət və ya müəssisə iqtisadi şəraitdə hər hansı bir çətinlik əsnasında mal ehtiyyatlarını satmadan və debitor borclarını və verdiyi avansları geriyə almadan ilkin mərhələdə öz qısa müddətli öhdəliklərinin nə qədərini ödəyəbilmə qabiliyyətinə malikdir. Bu rasyo likvidliyi daha dar mənada ölçən bir nisbətdir.
Bu nisbətin 0,3-dən az olmaması arzu olunandır. Nisbətin yüksək olması müəssisənin borc ödəmə gücünü göstərərkən eyni zamanda pulun işlədilmədiyi mənasına da gəlir. Dolayısıyla Nağd rasyosu yüksək (məsələn 3 və s.) olan firmalar aktivlərini kifayət qədər məhsuldar istifadə etmirlər demək olar.
Stok rasyo
Stok və ya Ehtiyyat asılılıq rasyosu (Stock ratio - SR), Ehtiyyatların Net fəaliyyət kapitalına (Net workong capital - NWC) bölünməsi ilə hesablanır:
SR = 100 x I / NWC
Burada, Net fəaliyyət kapitalı (xalis işlək kapital) dedikdə Dovriyyə vəsaitləri ilə Qısa müddətli öhdəliklərin fərqi qəbul edilir:
NWC = CA – SL
Net fəaliyyət kapitalı özüdə bir likvidlik göstəricisidir. Beləki, əgər Net fəaliyyət kapitalı sıfırdan böyük isə o halda şirkət qısa müddətli borc ödəmə gücünə malikdir. Əks halda Net fəaliyyət kapitalı sıfırdan kiçik isə o halda şirkətin dövriyyə vəsaitləri qısa müddətli borcları ödəməkdə yetərsizdir. Stok rasyosunun mənası ondan ibarətdir ki, bu nisbəti hesablamaqla Net fəaliyyət kapitalının nə dərəcədə mal ehtiyyatlarından asılı olduğu ölçülür. Beləki, əgər bu nisbət 100%-dən çox isə (məsələn 150% və s.) o halda şirkətin Net fəaliyyət kapitalı böyük ölçüdə mal ehtiyyatlarından asılıdır deməkdir. Bu isə şirkətin reallıqda qısa müddətli borc ödəmə gücünün nə qədər çətin olduğunun işarəsidir.
Bu nisbətin 100%-dən az olması arzu olunandır.
Maliyyə rasyoları
Maliyyə rasyoları bir şirkətin maliyyələşməsində xarici borclardan və mənbələrdən nə dərəcədə istifadə olunduğunu ölçmək üçün istifadə olunur. Maliyyə rasyoları aşağıdakılardır:
- Leverec əmsalı (Leverage ratio)
- Borclanma əmsalı (Debt ratio)
- Kapitalın adekvatlıq əmsalı (Capital adequacy ratio)
- Cari öhdəliklərin aktivlərə olan nisbəti
- Maddi aktivlərin kapitala olan nisbəti
Leverec əmsalı
Leverec əmsalı (Leverage ratio - LR) Toplam öhdəliklərin (Liabilities – L) Kapitala (Capital - C) bölünməsi ilə hesablanır:
LR = 100% x L / C
Burada, Öhdəliklər dedikdə bütün qısa və uzun müddətli öhdəliklər başa düşülür. Uzun müddətli öhdəliklərə 1 ildən daha uzun müddətə olan kreditor borcları, 1 ildən daha uzun müddətə olan maliyyə və kredit borcları və digər 1 ildən daha uzun müddətə olan öhdəliklər başa düşülür. Kapital dedikdə isə biznesə qoyulmuş şəxsi sərmayələr və yığılmış mənfəət başa düşülür. Bu rasyo vasitəsilə şirkətin bütün borclarının kapitalından çox olub olmaması ölçülür. Yəni, şirkətin malik olduğu kapitalın borcları əhatə edib etmədiyini göstərir. Bu əmsal ən çox 100% olmalıdır. Əgər nisbətin dəyəri 100%-dən çox isə bu o dəməkdir ki, şirkətin aktivlərinin ən az yarısından çoxu xarici borclanmalar ilə formalaşmışdır. Belə olan halda aktivlər üzərində şirkətin sərmayədarlarından daha çox ona borc verənlər söz sahibidir. Qeyd edildiyi kimi, nisbətin mənası şirkətin kapıtalının onun borclarını ödəyəbilmə imkanında olub olmadığı deməkdir.
Borclanma əmsalı
Borclanma əmsalı (Debt ratio - DR) Öhdəliklərin (Liabilities – L) Aktivlərə (Assets - A) bölünməsi ilə hesablanır:
DR = 100% x L / A
Bu nisbət aktivlərin nə qədərlik hissəsinin kənar mənbələrdən (borclardan) maliyyələşdiyini göstərir. Bu əmsal ən çox 50% olmalıdır. Əgər nisbətin dəyəri 50%-dən çox isə bu o dəməkdir ki, şirkətin aktivlərinin ən az yarısından çoxu xarici borclanmalar ilə formalaşmışdır. Yuxarıda qeyd etdiyimiz kimi belə olan halda aktivlər üzərində şirkətin sərmayədarlarından daha çox ona borc verənlər söz sahibidir.
Kapitalın adekvatlıq əmsalı
Kapitalın adekvatlıq əmsalı (Capital adequacy ratio - CAR) Kapitalın (Capital - C) Aktivlərə (Assets – A) bölünməsi ilə hesablanır:
CAR = 100% x C / A
Bu rasyo vasitəsilə şirkətin kapitalının aktivlərin nə qədər hissəsini əhatə etdiyi ölçülür. Bu əmsalın çox olması arzu olunandır. Nisbət nə qədər yüksək isə bu o dəməkdir ki, şirkətin aktivlərinin böyük bir hissəsi onun kapitalı hesabına formalaşmışdır. Xüsusilə böhran vəziyyətində bu nisbətin yüksək olması şirkətin dayanıqlığı üçün müsbət haldır.
Cari öhdəliklərin aktivlərə olan nisbəti
Cari öhdəliklərin aktivlərə olan nisbəti (Current liabilities to assets ratio - CLR) Cari Öhdəliklərin və ya başqa bir adıyla Qısa müddətli öhdəliklərin (Current Liabilities – CL) Aktivlərə (Assets - A) bölünməsi ilə hesablanır:
CLR = 100% x CL / A
Bu nisbət, aktivlərin nə qədərlik hissəsinin Qısa müddətli öhdəliklərdən maliyyələşdiyini göstərir. Əgər şirkətin Uzun müddətli öhdəlikləri yoxdursa o halda bu əmsal ən çox 50% olmalıdır. Əgər nisbətin dəyəri 50%-dən çox isə bu o dəməkdir ki, şirkətin aktivlərinin ən az yarısından çoxu Qısa müddətli öhdəliklər ilə maliyyələşmişdir və bu arzu olunan hal deyildir.
Qısa müddətli öhdəliklərin Aktivləri maliyyələşməsində payı maksimum 30% olması xarici maliyyə təşkilatları tərəfindən ümumi bir meyyar olaraq qəbul edilmişdir. Bunun xaricində, Dövriyyə vəsaitlərini Qısa müddətli öhdəliklərlə və Əsas vəsaitləri isə Uzun müddətli öhdəliklər eləcədə Kapital ilə maliyyələşməsi ən doğru yanaşmadır.
Maddi aktivlərin kapitala olan nisbəti
Maddi aktivlərin kapitala olan nisbəti (Tangible assets to capital ratio - TAR) Maddi aktivlərin (Tangible assets - TA) Kapitala bölünməsi ilə hesablanır:
TAR = 100% x TA / C
Burada, Maddi aktivlər dedikdə 1 ildən daha uzun müddətli aktivlər başa düşülür və buraya ofis və istehsalat binaları, torpaq sahələri, biznes avadanlıqları və kompyuter texnikası başa düşülür. Bu nisbət vasitəsilə şirkətin maddi aktivlərinin maliyyələşməsində xarici borclardan nə dərəcədə istifadə olunnub olunmaması ölçülür. Başqa bir ifadı ilə maddi aktivlərin nə qədərlik qisminin kapital tərəfindən qarşılandığını ölçməkdir. Əgər nisbət 100%-dən çox isə o halda maddi aktivlərinin maliyyələşməsində xarici borclardan istifadə olunduğu anlaşılır. Lakin, yüksək texnoloji avadanlıqlar istifadə edən şirkətlərin, xüsusilə sənaye müəssisələrində bu nisbətin 100%-dən böyük olması normal qarşılanmalıdır. Belə olan halda maddi aktivlərinin maliyyələşməsində xarici uzun müdətli borclardan istifadə olunması arzu olunandır.
Leverec əmsalı, Borclanma əmsalı və Kapitalın adekvatlıq əmsalı ödəmə qabiliyyəti (gücü) əmsalları (Solvency ratios) kimidə bilinir.
Fəaliyyət rasyoları
Fəaliyyət rasyoları bir şirkətin aktivlərini nə dərəcədə məhsuldar istifadə edib etmədiyini ölçmək üçün istifadə olunur. Fəaliyyət rasyoları aşağıdakılardır:
- Mal ehtiyyatlarının orta satılma müddəti (Inventory turnover ratio)
- Debitorların orta yığım müddəti (Receivables turnover ratio)
- Kreditorların orta yığım müddəti (Payables turnover ratio)
- Nağd pulun konversiya dövrü (Cash conversion cycle)
- Aktivlərin dövriyyə əmsalı (Assets turnover ratio)
- Cari aktivlərin dövriyyə əmsalı (Current assets turnover ratio)
- Kapitalın dövriyyə əmsalı (Capital turnover ratio)
Mal ehtiyyatlarının orta satılma müddəti
Mal ehtiyyatlarının orta satılma müddəti (Inventory turnover ratio - ITR) Mal ehtiyyatların (Inventories - I) Satılmış malın maya dəyərinə (Cost of good sales – CGS) bölünməsi və 365 günə vurulması ilə hesablanır:
ITR = 365 x I / CGS
Burada, Mal ehtiyyatları dedikdə xammal ehtiyyatları, yarımfabrikatlar, hazır məhsullar və ticarət üçün alınmış məhsullar başa düşülür. Satılan malın maya dəyəri isə satılmış (istehsal olunmuş) malların və ya göstərilmiş xidmətlərin maya dəyəridir. 365 rəqəminə gəlincə isə bu rəqəm təhlil olunan dövrdən asılı olaraq dəyişilə bilər. Yəni 1 il üçün 365 gün, yarım il üçün 180 gün, rüblük üçün 90 gün və aylıq üçün 30 gün nəzərə alınır. Satılmış malın maya dəyərinin Mal ehtiyyatlarına bölünməsi ilə Mal ehtiyyatlarının neçə dəfədən bir satıldığı tapılır. Başqa bir ifadə ilə ehtiyatların bir il içərisində neçə dəfə dövr etdiyi hesablanır. İlin yəni, 365-in bu dəfəyə (nisbətə) bölünməsi ilə mal ehtiyyatlarının neçə gündən bir satıldığı hesablanır. Satılan malın növünə görə bu nisbətin dəyəri analiz edilir. Yəni, əgər gündəlik istehlak olunan ərzaq malları satılırsa o halda dəyərin az (məsələn 30 gün və s.) və ya əgər satılan mal mebel və ya məişət və kompyuter avadanlığı isə o zaman dəyərin çox (məsələn 60 gün və s.) olması məntiqlidir.
Bir firma üçün anbarda mal ehtiyyatı saxlamağın xərci vardır. Bunun xaricində uzun müddət anbarda qalan mal ehtiyyatı xarab olma, dəbdən düşmə və s. təhlükəsi ilə üz-üzə qala bilər. Dolayısıyla, Mal ehtiyyatlarının orta satılma müddəti nə qədər aşağı olsa bir o qədər müsbət haldır.
Debitorların orta yığım müddəti
Debitorların orta yığım müddəti (Receivables turnover ratio - RTR) Debitor borclarının (Receivables - R) Satışlara (Sales - S) bölünməsi və 365 günə vurulması ilə hesablanır:
RTR = 365 x R / S
Burada, Debitor Borclar dedikdə kreditlə və nisyə satılmış mallar başa düşülür. Satışlar isə analiz olunan müddət ərzində mal satışları və ya göstərilmiş xidmətlərdir. Yuxarıda apardığımız mühakiməyə uyğun olaraq Satışların debitor borclarına bölünməsi ilə Debitor borclarının neçə dəfədən bir alındığı (yığıldığı) tapılır. Başqa bir ifadə ilə şirkətlərin bir il müddətində alacaqlarını satışları ilə neçə dəfə dövr etdiklərini göstərən bir nisbətdir. İlin yənin 365-in bu dəfəyə (nisbətə) bölünməsi ilə debitor borcların neçə gündən bir yığıldığı hesablanır. Debitor borcların orta yığım müddəti nə qədər qısa isə (məsələn 30 gün və s.) bir o qədər yaxşıdır. Uzun müddətli debitorların orta yığım müddəti (məsələn 90 gün və s.) olması arzu olunmazdır və ya biznesin tipinə görə mülahizə aparılabilər. Debitorların orta yığım müddəti nə qədər aşağı olsa bir o qədər müsbət haldır. Bir şirkət alacaqlarını sürətli bir şəkildə toplaya bilirsə (yığırsa), onun likvidliyi yüksək qəbul edilir və şirkət bu sayədə maddi çətinlik içinə girməz.
Kreditorların orta yığım müddəti
Kreditorların orta yığım müddəti (Payables turnover ratio - PTR) Kreditor borcların (Payables - P) Satılmış malın maya dəyərinə (Cost of good sales - CGS) bölünməsi və 365 günə vurulması ilə hesablanır.
PTR = 365 x P / CGS
Burada, Kreditor borcları dedikdə şirkətin təchizatçılara olan borcları başa düşülür. Analoji olaraq Satılmış malın maya dəyərinin kreditor borclarına bölünməsi ilə Kreditor borclarının neçə dəfədən bir ödəndiyi tapılır. İlin yəni 365-in bu dəfəyə (nisbətə) bölünməsi ilə kredit borclarının neçə gündən bir ödənildiyi hesablanır. Kreditor borclarının orta yığım müddəti nə qədər uzun isə (məsələn 90 gün və s.) bir o qədər yaxşıdır. Bu o deməkdir ki, satışdan əldə olunmuş vəsait təkrar dövriyyəyə buraxılır və bu arzu olunan haldır. Kreditorların orta yığım müddəti nə qədər aşağı olsa bir o qədər müsbət haldır.
Nağd pulun konversiya dövrü
Nağd pulun konversiya dövrü (Cash conversion cycle – CCC) Mal ehtiyyatlarının orta satılma müddəti (ITR) ilə Debitorların orta yığım müddətinin (RTR) cəmindən Kreditorların orta yığım müddəti (PTR) çıxılmaqla hesablanır:
CCC = ITR + RTR – PTR
Bilindiyi kimi, Mal ehtiyyatlarının orta satışı və Debitorların orta yığımı dövriyyədən çıxan nağd pulun nə qədər müddətdən sonra dövriyyəyə nağd pul kimi geri qayıtdığını göstərir. Kreditorların orta yığımı isə faktiki olaraq dövriyyədən çıxan nağd pulu xarakterizə edir. Dolayısıyla, dövriyyəyə mədaxil olan nağd pullar ilə dövriyyədən məxaric olan nağd pulların fərqi dövriyyədəki nağd pulun siklini (dövrünü) göstərəcəkdir.
Aktivlərin dövriyyə əmsalı
Aktivlərin dövriyyə əmsalı (Assets turnover ratio - ATR) Satışların (Sales - S) Aktivlərə (Assets - A) bölünməsi ilə hesablanır:
ATR = S / A
Satışların Aktivlərə bölünməsi ilə Aktivlərin neçə dəfədən bir dövr etdiyi tapılır. Aktivlərin dövriyyə əmsalı nə qədər yüksək olarsa (məsələn 4 və s.) bir o qədər yaxşıdır.
Aktivlərin dövriyyə əmsalı şirkətin sahib olduğu varlıqlar (aktivlər) ilə təşkil etdiyi satışın həcmini ölçən bir əmsaldır. Bu nisbət həmçinin bizə aktivlərə həddindən artıq investisiya edilib edilmədiyini, yəni, şirkətlərin aktiv həcminin gərəksiz yerə böyüdülüb böyüdülmədiyini göstərir.
Cari aktivlərin dövriyyə əmsalı
Cari aktivlərin dövriyyə əmsalı (Current assets turnover ratio - CATR) Satışların (Sales - S) Cari aktivlərə (Current Assets - CA) bölünməsi ilə hesablanır:
CATR = S / CA
Analoji olaraq Satışların Cari aktivlərə bölünməsi ilə Cari aktivlərin neçə dəfədən bir dövr etdiyi tapılır. Bu nisbət artdıqca müəssisənin səmərəliliyidə artar. Cari aktivlərin dövriyyə əmsalı nə qədər yüksək olarsa (məsələn 12 və s.) bir o qədər yaxşıdır.
Cari aktivlərin dövriyyə əmsalı şirkətin fəaliyyətini aparması üçün zəruri olan minimum dövriyyə vəsaitləri (kassa, avans, debitor borcu və mal ehtiyyatı) ilə hansı nisbətdə satış həcmi etdiyini ölçən bir rasyodur. Dövriyyə vəsaitləri satışların artması ilə bərabər artacaqdır.
Kapitalın dövriyyə əmsalı
Kapitalın dövriyyə əmsalı (Capital turnover ratio - CTR) Satışların (Sales - S) Kapitala (Capital - C) bölünməsi ilə hesablanır:
CTR = S / C
Bənzər olaraq Satışların Kapitala bölünməsi ilə Kapitalın neçə dəfədən bir dövr etdiyi tapılır. Kapitalın dövriyyə əmsalı nə qədər yüksək olarsa (məsələn 6 və s.) bir o qədər yaxşıdır.
Kapitalın dövriyyə əmsalı şirkətin kapitalı ilə təşkil etdiyi satışın həcmini ölçən bir əmsaldır. Bu əmsal şirkətin kapitalını nə qədər səmərəli istifadə etdiyinin bir göstəricisidir. Əmsalın aşağı olması izafi kapitalın mövcudluğundan və ya kapitalın effektiv istifadə olunmamasından xəbər verir. Şirkətin ya kapitalı azaltması (məsələn dividend paylayaraq) ya da satılan məhsulun və ya göstərilən xidmətlərin çeşidinin artırması istiqamətində tədbirlər alması tövsiyə edilir.
Mal ehtiyyatlarının orta satılma müddəti, Debitorların və Kreditorların orta yığım müddətləri eləcədə Cari aktivlərin və Aktivlərin dövriyyə əmsalları hesablanarkən, əgər varsa, dövrün əvvəlinə və sonuna olan Mal ehtiyyatları, Debitor və Kreditor borclar eləcədə Cari aktivlər və Aktivlər ələ alınır və bunların ortalamaları alınaraq daha dəqiq nəticələr almaq olar. Məsələn, ilin əvvəlinə və sonuna olan mal ehtiyyatları ələ alınaraq onun ortalaması hesablanaraq və Mal ehtiyyatlarının orta satılma müddəti formulunda istifadə olunarsa daha dəqiq nəticə əldə edilər.
Mənfəətlik rasyoları
Mənfəətlik rasyoları bir şirkətin fəaliyyəti nəticəsində yetərli miqdar mənfəət əldə edib etmədiyini ölçmək üçün istifadə olunur. Mənfəətlik rasyoları aşağıdakılardır:
- Aktivlərin mənfəətlik rasyosu (Return on assets)
- Kapitalın mənfəətlik rasyosu (Return on equity)
- Satışların mənfəətlik rasyosu (Return on sales)
Aktivlərin mənfəətlik rasyosu
Aktivlərin mənfəətlik rasyosu (Return on Assets - RoA) əldə edilmiş Mənfəətin (Net profit - NP) Toplam aktivlərə (Total Assets - TA) bölünməsi ilə hesablanır:
RoA = 100% x NP / TA
Burada, Mənfəət dedikdə gəlirlərdən maya dəyərini, bütün xərcləri, faiz, vergi və amortozasiyanı çıxdıqdan sonra qalan məbləğdir. Toplam aktivlər isə Dövriyyə vəsaitləri (Cari aktivlər) ilə Əsas vəsaitlərin (Sabit aktivlər) cəmidir. Bu əmsal ilə şirkətin aktivlərinə nisbətlə yetərli miqdarda mənfəət əldə edib etmədiyi analiz edilir. Aktivlərin mənfəətlik rasyosu ilə şirkətlərin sahib olduqları bütün aktivlərin hansı nisbətdə effektiv istifadə edildiyini göstərir.
Kapitalın mənfəətlik rasyosu
Kapitalın mənfəətlik rasyosu (Return on Equity - RoE) əldə edilmiş mənfəətin Məcmu kapitala (Total Equity - TE) bölünməsi ilə hesablanır:
RoE = 100% x NP / TE
Burada, Məcmu Kapital dedikdə isə şirkətin biznesə qoyulmuş şəxsi sərmayələri və yığılmış mənfəət başa düşülür. Bu əmsal ilə şirkətin kapitalına nisbətlə yetərli qədər mənfəət əldə edib etmədiyi təhlil olunur. Kapitalın mənfəətlik rasyosu müəssisənin uğurlu idarə olunması analizində əhəmiyyətli bir göstəricidir.
Satışların mənfəətlik rasyosu
Satışların mənfəətlik rasyosu (Return on Sales - RoS) əldə edilmiş mənfəətin Satışlara (Total sales - TS) bölünməsi ilə hesablanır:
RoS =100% x NP / TS
Burada, Satışlar analiz olunan müddət ərzində mal satışları və ya göstərilmiş xidmətlərdir. Bu əmsal ilə şirkətin satışlarına nisbətlə yetərli həcmdə mənfəət əldə edib etmədiyi analiz olunur.
Yekun olaraq bütün rasyolar (əmsallar), şirkətin fəaliyyət göstərdiyi sektordakı digər şirkətlərin eyni rasyolarının ortalaması ilə müqayisə olunaraq əmsalın yetərli və ya yetərsiz olduğu şərh ediləbilər. Eyni zamanda şirkətin daha öncəki maliyyə hesabatlarına (əgər varsa) aid əmsalları ilə müqayisə edərək artma ya da azalma və onun səbəbi mütləq araşdırılmalıdır.