Müəllif:Ayşən İmanova/Banco.az
Litvada yanvarın 1-dən qüvvəyə minən ikili təyinatlı məhsulların üçüncü ölkələrə ixracına qoyulan qadağa 2025-ci ildə Baltikyanı respublikada biznesi 250 milyon avro itki ilə təhdid edir.
Banco.az xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və innovasiyalar naziri Lukas Savitskas məlumat verib.
“Yeni ixrac məhdudiyyətləri Litva biznesini təxminən 250 milyon avro gəlir əldə etməsinə mane ola bilər”, - nazir vurğulayıb.
Dekabrda keçirilən parlament seçkilərindən sonra istefa verən əvvəlki nazirlər kabineti ikili təyinatlı malların siyahısını bir neçə minə qədər genişləndirib və onların Rusiyaya tədarük ediləcəyindən ehtiyatlanaraq üçüncü ölkələrə ixracını qadağan edib.
Üçüncü ölkələr dedikdə, Avropa İttifaqının üzvü olmayan və Avropa İqtisadi Birliyinin üzvü olmayan dövlətlər nəzərdə tutulur.