Lisenziyası alınmış bank Mərkəzi Bankı məhkəməyə verə bilər? | Banco.az

Lisenziyası alınmış bank Mərkəzi Bankı məhkəməyə verə bilər?

Son günlərdə iki bankın lisenziyasının Mərkəzi Bank tərəfindən geri alınması və bu banklardan birində əhalinin əmanətlərinin olması, lakin bankın bağlanmasına rəğmən Əmanətlərin Sığortalanması Fondunun sığortalanan vəsaitləri əmanətçilərə qaytarmağı öz öhdəsinə götürməməsi əhalinin bank sistemi  ilə bağlı narahatlığını artırır. Belə vəziyyətdə bankların hansı hallarda bağlanması, və sığorta mexanizminin hansı hallarda işə düşməsini bilməyə ehtiyac var.

Məsələ ilə bağlı Banco.az portalının suallarını hüquqşünas ekspert Əkrəm Həsənov cavablandırır:

Bizim qanunvericiliyə əsasən Bankların bağlanması – fəaliyyətini dayandırması hansı hallarda mümkündür?

Bankların fəailiyyətinə xitam 3 əsasla verilə bilər:

1) Könüllü ləğv - yəni səhmdarlar özləri bankı ləğv edir;

2) Mərkəzi Bank tərəfindən lisenziyanın geri alınması (bank qanunvericiliyi pozduqda, Mərkəzi Bankın tələblərinə əməl etmədikdə);

3) Bank, məhkəmənin qərarı ilə müflis elan olundquda (öhdəliklərini icra edə bilmədikdə). Bunların hamısı "Banklar haqqında" Qanunun 9-10-cu fəsillərində tənzimlənir.

ADİF-in  Azərbaycan Kredit Bankının bağlanmasını sığorta hadisəsi hesab etməməsi nə dərəcə də düzgündür?

Ən sərfəli kredit üçün müraciət et

Lisenziyanın geri alınması müflisliklə bərabər məcburi ləğvin formasından biridir. Bu, "Banklar haqqında" Qanunun 59-cu maddəsindən irəli gedir. "Əmanətlərin sığortalanması haqqında" Qanunun 2.1.9-cu maddəsinə əsasən sığorta hadisəsinə o cümlədən iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması aiddir. Buna görə də Əmanətlərin Sığortalanması Fondunun təbii olaraq, əmanətçilər qarşısında öhdəliyi yaranır.

Qanunvericilik Bankların məhkəmə qaydasında iflas elan edilməsini nəzərdə tuturmu, hər hansı bir bank özünü iflas elan edə bilərmi? Həmçinin lisenziyası alınmış bank, əksinə lisenziyanın bərpası üçün, Mərkəzi Bankın səbəblərini tutarsız olduğunu əsaslandıraraq, məhkəməyə müraciət edə bilərmi?

İflas proseduru "Banklar haqqında" Qanunun 10-cu fəsli ilə tənzimlənir. Məhkəməyə bu barədə müraciəti Mərkəzi Bank və ya kreditorlar edə bilər. Təbii ki, hər hansı lisenziyası alınmış bank Mərkəzi Bankı məhkəməyə verə bilər. Və belə təcrübə bizdə olub. Məsələn, "Kövsər Bank" belə edib və məhkəni udub, lisenziyası bərpa olub ötən il. Yeri gəlmişkən, bu bank bunu artıq iki dəfə edib. Bir neçə il öncə o "Universal Bank" adlanırdı, onda da lisenziyası alınmışdı, amma sonra məhkəmə yolu ilə bərpa olundu.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov mətbuata açıqlamasında "Azərbaycan Kredit Bankı"nın bağlanmasının sığorta hadisəsi olmadığını bildirmişdi və  bunu bankın məcburi ləğv edilməsi ilə əsaslandırmışdı. Bu isə öz növbəsində mətbuatda geniş müzakirələrə əsas vermişdi