Külli miqdarda mənimsəmədə təqsirləndirilən keçmiş bank rəhbəri günahsız olduğunu deyib | Banco.az

Külli miqdarda mənimsəmədə təqsirləndirilən keçmiş bank rəhbəri günahsız olduğunu deyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və bankın Maliyyə Departamentinin direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vüsal Məmmədov ifadə verib.  Dövlət Sığorta Şirkətinin əməkdaşı olan şahid deyib ki, 6 il əvvəl dostu Elvin Əmirovun vasitəsilə onun şirkətinə "DekaBank"dan 2 milyon 500 min manat məbləğində kredit ayrılıb: "Pulun ayrılmasında məqsəd şirkətin inkişaf etdirilməsi olub. Ancaq mən bir neçə aydan sonra şirkəti bankda işləyən dostumun adına keçirdim. Şirkətin nə işlə məşğul olduğu ilə maraqlanmırdım, ancaq adıma ayrılan pulu Elvin Əmirov götürdü və hara xərclədiyini bilmədim". 

Prosesdə N. Vəliyev də ifadə verərək, özünü təqsirli bilməyib. O, ittihamın əsassız olduğu və ayrılan kreditləri mənimsəmədiyini deyib. N. Vəliyev deyib ki, şirkətlərə ayrılan pullları biznes plan çərçivəsində Sahibkarlığa Kömək Milli Fondundan götürüb və götürülən pulları aylıq olaraq ödəyib. 

Qeyd edək ki, N. Vəliyev prezidentin sabiq köməkçisi Tariyel Ağayevin qohumudur. "DekaBank" ASC-nin lisenziyası 2016-cı il iyulunda ləğv edilib. Təqsirləndirilən şəxslər 5 milyon manatlıq vəsaiti mənimsəməkdə ittiham edilir. 

Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

Ən sərfəli kredit üçün müraciət et

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et