Kreditlərin əvvəlcədən ödəmə imkanı | Banco.az

Kreditlərin əvvəlcədən ödəmə imkanı

Azərbaycanda kreditlərin vaxtından əvvəl ödənilməsi problemi aktuallaşır. Vətəndaşların krediti vaxtından əvvəl ödəmək istəyinə baxmayaraq, ölkə bankları çox vaxt bu məsələdə maraqlı deyillər.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov  bildirib ki, kreditin vaxtından əvvəl ödənilməsi qanunvericiliklə qadağan olunmur.

Onun sözlərinə görə, bank kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı kredit müqaviləsinə müəyyən cərimələrin qadağası və ya tətbiqi barədə bənd əlavə edə bilər: "Müştəri də müqaviləyə kreditin vaxtından əvvəl ödənilməsinə icazə barədə bənd daxil etmək hüququna malikdir. Hər şey müqavilənin şərtlərindən asılıdır və bankın faiz gəlirlərini saxlamaq üçün belə addım atmağa haqqı var".

Türkiyə, Qazaxıstan və Belarusda kreditin vaxtından əvvəl ödənilməsi qanunvericiliklə qadağan edilir və ya məhdudlaşdırılır, halbuki Azərbaycanda belə qadağa yoxdur, banklar kreditin vaxtından əvvəl ödənilməsinin demotivasiya edilməsi üçün addımlar atır.

"Rabitəbank"ın İdarə heyətinin sədri Elçin Qədimov hesab edir ki, bank müştərinin krediti vaxtından əvvəl ödəməsinə qadağa qoya bilməz, lakin müəyyən cərimələr tətbiq edə bilər.

Onun sözlərinə görə, problem ondan ibarətdir ki, müştərinin krediti vaxtından əvvəl ödəməsi bankın vəsaitləri yerləşdirmə üzrə planlaşdırma prosesini pozur və o, əldə edilən pulları səmərəli yerləşdirə bilmir: "Tutaq ki, bank müştəriyə verilən kreditin bir ildən sonra qayıdacağını və bu vəsaitlərin ödəmə vaxtı çatan depozitlərin qaytarılmasına ayrılacağını planlaşdırır. Müştəri krediti vaxtından əvvəl ödəyəndə isə bankın istifadə edilməmiş vəsaitləri qalır ki, bu da qazanılmamış vəsait qismində müəyyən itki yaradır. Buna görə də bir il müddətinə yerləşdirilən vəsaitin il ərzində qaytarılması vacibdir".

Ən sərfəli kredit üçün müraciət et

E.Qədimov əlavə edib ki, bank bununla əlaqədar kreditin qalan məbləğinin, borcun daha əvvəl ödənilən məbləğinin və s. 1-2 faizi səviyyəsində dəyişən müəyyən cərimələr tətbiq etmək məcburiyyətindədir.

Oxşar addımlar Türkiyədə də atılır. Burada 10-60 lirə həcmində cərimə tətbiq olunur ki, bu da bankın müştərilərinin narahatlığına səbəb olur. Lakin Rusiyada müştərinin krediti vaxtından əvvəl ödəmə haqqı qanunvericilik səviyyəsində möhkəmlənib, bununla belə, müştəri 30 gün ərzində bankı kreditin ödənilməsi barədə məlumatlandırmalıdır.

O bildirib ki, Azərbaycanda müştərinin bankı qabaqcadan məlumatlandırması məcburi deyil, müvafiq olaraq, o, krediti istədiyi gün ödəyə bilər: "Kreditin vaxtından əvvəl ödənilməsi tez-tez baş verən haldır. Azərbaycanda kredit mədəniyyəti hələ yeni formalaşır. İnsanlar kredit yükünə görə müəyyən narahatlıq hiss edirlər və onlar planlaşdırılmamış vəsait, mükafat, bonuslar, ezamiyyət pulu və s. əldə edəndə cərimələrə baxmayaraq krediti tam ödməyə çalışırlar".

trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et