"Kreditlər bağlanır?" - sualına rəsmi cavab | Banco.az

"Kreditlər bağlanır?" - sualına rəsmi cavab

Azərbaycandakı devalvasiyadan sonra vaxtı keçmiş kreditlərin məbləği sürətlə artsa da, bu, birbaşa bank sektorunun problemi deyil.

Banco.az "atv.az"a istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib. Onun sözlərinə görə, problemli kreditlərin artması ölkə iqtisadiyyatında baş vermiş mənfi dəyişikliklərin bank sisteminə təsirinin nəticəsidir.

Zakir Nuriyev son günlər geniş müzakirə obyekti olan vaxtı keçmiş kreditlərin bir hissəsinin bağışlanması barədə də fikrini bildirib: "Kredit borclarının bağışlanması kimi bir anlayış yoxdur. Kredit borcu yalnız o halda bağışlana bilər ki, borcalan həyatda olmasın və krediti zaminsiz götürmüş olsun. Digər bütün hallarda banklar borclunun borcu ödəməsinə nail olmalıdır. Bu gün Azərbaycanda 2,5 milyon kredit götürmüş vətəndaşımız var. Eyni zamanda isə təxminən 7,5 milyon əmanət hesabı olan vətəndaşımız var. Kredit borcunun bağışlanması, ödənilməməsi, faizlərin dondurulması kimi məsələlər ortaya qoyulan zaman biz milyonlarla əmanət hesabını sual altında qoymuş oluruq. Ona görə bu məsələ ümumiyyətlə müzakirə edilməməlidir".

Ən sərfəli kredit üçün müraciət et