Kreditin başlıca funksiyaları və prinsipləri | Banco.az

Kreditin başlıca funksiyaları və prinsipləri

Kreditor və borcalan arasında bağlanmış kredit sövdələşmələri dəyərin yenidən bölüşdürülməsi mərhələsində yaranır. Mübadilə zamanı müvəqqəti sərbəst qalan dəyər borcalana keçir, sonra öz sahibinə qayıdır. Kredit üçün xarakterik olan bu proses onun birinci funksiyasınıyenidən bölgü funksiyasının yaranmasına səbəb olur.

Bu funksiyanın xüsusiyyətləri hansılardır? İlk növbədə onu ayırd etmək lazımdır ki, kredit vasitəsilə məhz nə yenidən bölünür. Borc sövdələşməsi zamanı kreditor birinci halda borcalana müvəqqəti istifadəyə mal-material qiymətliləri, ikinci halda isə bu gün müasir kredit üçün xarakterik olan pul vəsaitləri verə bilər. Hər iki halda sövdələşmənin mahiyyətinin eyni olmasına baxmayaraq, ötürülən obyekt müxtəlifdir. Lakin bu müxtəliflik obyektin məzmununa deyil yalnız formasına aiddir. Formasından asılı olmayaraq hər iki halda dəyərin yenidənbölgüsü baş verir.

Kreditin yenidən bölgüsü funksiyası bütövlükdə dəyərin yenidən bölgüsü deyil, müvəqqəti sərbəst qalan dəyərin yenidən bölgüsü əhatə edir.

         Kreditin ikinci funksiyası – həqiqi pulların kredit əməliyyatları ilə əvəz olunması vasitəsilə tədavül xərclərinə qənaət edilməsi funksiyasıdır. Müasir iqtisadi şəraitdə bu əvəz olunma üçün hər cür şərait yaranmışdır. Mal və xidmətlərə görə nağdsız hesablaşmalar vasitəsilə vəsaitlərin bir hesabdan silinib başqa hesaba köçürülməsi, qarşılıqlı ödəmələrin zaçotu, nağd pul ödəmələrinin azaldılmasına və pul tədavülünün strukturunun yaxşılaşmasına imkan yaratmış olur.

 Kreditin üçüncü funksiyasıkapitalın təmərküzləşməsi və mərkəzləşməsinin sürətlənməsi funksiyasıdır. Kapitalın təmərküzləşməsi dedikdə fərdi yığımların hüdudlarının genişlənməsindən söhbət gedir. Belə ki, bir fərdin kapitalı digərlərinin kapitallarına əlavə edilməklə artırılır, bunun nəticəsində fərdi müəssisələr səhmdar cəmiyyətlərə çevrilir.     

         Kreditin prinsipləri

Subyektlər bir-birləri ilə kredit münasibətlərinə girərkən ciddi şəkildə kreditin prinsiplərinə riayət etməlidirlər. Bu prinsiplərin qorunması həm kreditorun, həm də borcalanın iqtisadi hüquqlarının qorunmasının zəmanəti hesab olunur. Kreditin aşağıdakı prinsipləri mövcuddur:

     Qaytarılma müddəti - özündə kreditin müəyyən olunmuş zamanda qaytarılmasını tərənnüm edir. Bu prinsipə uyğun kredit təkcə qaytarılmamalı, ciddi şəkildə müəyyən edilmiş vaxtda geri qaytarılmalıdır.Deməli, müddətlilik qaytarılmanın zamanını müəyyənləşdirən prinsipdir. Bu prinsipin qorunması kommersiya banklarının likvidliyinin (yəni onların krediti vaxtında və tam şəkildə geri qaytarılması müddətinin göstəricisi, ölkənin bank sistemində bankın nüfuzu) təminatı üçün vacibdir.

Buradan da kreditin təminatlılıq prinsipi ortaya çıxır. Belə ki, banklar  bu prinsipə arxayın  olaraq, yəni borcalanların  bankların pul vəsaitlərini vaxtında geri qaytarmasından əmin olmaqla, öz kredit fəaliyyətlərini qurur, kreditlərin nə  zaman qaytarılacağını qabaqcadan bilməklə müştərilərdən borc götürdükləri pul vəsaitlərini öz əməliyyatlarına arxayınlıqla cəlb edir. Kreditin müddəti müəyyən kreditləşmə  normativlərə uyğun olaraq kreditləşən mal-material qiymətlilərinin dövriyyə müddətinə və xərclərin ödənilməsinə uyğun olaraq bank tərəfindən müəyyənləşir.

Ən sərfəli kredit üçün müraciət et

          Kreditin differensiallıq prinsipi o deməkdir ki, kreditor hər kredit istəyən müştəriyə kredit verməməlidir. O, yalnız  bu krediti vaxtında qaytara bilən təsərrüfat orqanlarına verməlidir. Borcalanların bu xüsusiyyətləri borc götürməyə hazırlaşan müəssisə və təşkilatların balansının likvidliyinin təhlilinə, borcalanın cari və gələcək rentabellik səviyyəsinə əsasən müəyyənləşir.

          Kreditin ödənclilik prinsipi o deməkdir ki, hər bir borcalan müəssisə müvəqqəti götürdüyü borc vəsaitlərinə görə kreditora müəyyən haqq ödəməlidir ki, bu da özünü faizdə göstərir. Kreditə görə borc faizi dedikdə bir növ kreditin satış qiyməti başa düşülür. Müasir kommersiya bankları borc faizinin dərəcəsi bir sıra əlamətlərə görə müəyyənləşir ki, onlar aşağıdakılardır:

  • Mərkəzi Bankın kommersiya bankları üçün təqdim etdiyi baza faiz dərəcələri;
  • banklararası kreditlərə görə orta faiz dərəcəsi;
  • müxtəlif növ depozit hesablara görə kommersiya banklarının müştəriyə ödədiyi faiz dərəcəsi;
  • kredit resurslarının strukturu (cəlb olunan vəsaitlərin həcmi nə qədər çox olarsa faiz dərəcəsi də böyük olar);
  • kreditin formaları;
  • kredit təşkilatlarının növləri;
  • kreditin cəlb olunması ilə investisiyaların növləri;
  • kreditləşmənin müddətləri;
  • kredit təşkilatlarının əməliyyat növləri;
  • kreditin təminat dərəcəsi (kreditin təminatı nə qədər aşağıdırsa faiz dərəcəsi bir o qədər yüksək olar);
  • ölkədəki inflyasiyanın səviyyəsi, pul tədavülün sabitliyi.

Borc faizi kreditə olan tələb və təklifin qarşılıqlı münasibəti, yığım və investisiyaların həcmi, gəlir və xərclərə müəyyənləşir.

          Bu prinsip borcalanların, müəssisələrin təsərrüfat hesabına stimullaşdırıcı təsir göstərir və müəssisələrin xüsusi resurslarının artırılmasını, cəlb edilmiş vəsaitlərdən qənaətlə istifadəni təmin edir. Kreditor üçün isə bu prinsip gəlir əldə etmək üçün təminat verir.

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et