Kreditdə olan avtomobili necə satmaq və ya almaq olar? | Banco.az

Kreditdə olan avtomobili necə satmaq və ya almaq olar?

Bəzən belə hallar baş verir ki, hər hansı bir səbəbə görə bankın müştərisi kreditdə olan avtomobilini satmaq fikrinə düşür. Belə qərarın səbəbləri ya müştərinin maliyyə sıxıntısı, ya da avtomobili satıb digərini almaq arzusudur. 

Mülki etibarnamənin riskləri. Səbəbindən asılı olmayaraq kreditdə olan avtomobili satan və alan vətəndaşlar mülki etibarnamə əsasında edilən alqı-satqıdan sonra müəyyən risklər ilə qarşılaşa bilərlər:

  • Satan (adında avtokredit olan) şəxsin birinci riski ondadır ki, alan şəxs satan şəxsin adında olan avtomobilin kreditini gecikdirə bilər və bu, satan şəxsin kredit tarixçəsini korlayacaq.
  • Avtomobili satan şəxsin ikinci riski ondadır ki, alan şəxs avtomobil ilə qəzaya uğraya bilər və sığorta şirkətinin müqaviləsini və ya hansısa yol hərəkəti qanunlarını pozduğu halda sığorta şirkəti sığorta məbləğini avtomobili alan şəxsə ödəməyəcək. Belə bir hal baş verərsə, bankda imzalanan kredit və girov müqavilələrindən irəli gələn bütün öhdəliklər və məsuliyyət avtomobilin BİRİNCİ SAHİBİNİN üzərində olacaq! Avtomobili alan şəxs isə vurulmuş/əzilmiş avtomobili sahibinə qaytara bilər və heç bir məsuliyyət daşımayacaq!

Məsləhət. Satan şəxs alan şəxsə RƏSMİ ŞƏKİLDƏ (şəxsiyyət vəsiqəsi əsasında) keçmişdə bağlanan müqavilələrə əlavə olaraq, ZAMİNLİK MÜQAVİLƏSİ-ni bankda tərtib etdirsin. Belə olsa avtomobili alan şəxs artıq hüquqi cəhətdən satan şəxsə “bağlı” olacaq və kreditdə olan avtomobil ilə hər hansı problem yaranarsa alan şəxs satan şəxs ilə birgə məsuliyyət daşıyacaq. 

Kreditin yenidən rəsmiləşdirməsi. Kreditin yenidən rəsmiləşdirilməsi çox nadir hallarda həyata keçirilir. Bunun səbəbi odur ki, krediti yenidən rəsmiləşdirəndə müəyyən izafi xərclər tələb olunur. Kreditin yenidən rəsmiləşdirməsini istəyən şəxs bankda kreditin komisyon və sığorta haqqlarını ödəməlidir. Sonra isə Dövlət Yol Polisi İdarəsində avtomobili öz adına qeydiyyata alanda müvafiq rüsumlar ödəməlidir. Bu ödəmələr və rüsumlar avtomobilin dəyərini müəyyən dərəcədə artırır. Məhz buna görə də vətəndaşlar avtomobili kiminsə adında kreditdə almağa üstünlük verir.

Ən sərfəli kredit üçün müraciət et

Ümumiyyətlə, kreditdə olan avtomobillərin alqı-satqısı zamanı xoşagəlməz nüanslar ilə üzləşməmək üçün aşağıdakı qaydalara riayət edin:

  1. Siz əldə etmək istədiyiniz avtomobilin alınması üçün kredit vermiş bankın filiallına yaxınlaşmalısınız. Bankın və filialın adı həmişə nəqliyyat vasitəsinin texniki pasportunun arxa üzündə lap aşağı hissəsində əks olunur.
  2. Daha sonra siz mütləq şəkildə avtomobili sizə “əmlak etibarnaməsi” əsasında satan (və ya satmaq səlahiyyəti olan) şəxslə birlikdə bankın filialının direktoruna yaxınlaşmalı və həmin kreditin borc məbləğinin bütün xırdalıqları və təfərrüatı ilə maraqlanmalısınız. Əgər siz banka tək yaxınlaşsanız, bank əməkdaşı sizə kreditlə bağlı bu informasiyanı verə bilməyəcək. Çünki bu məlumat bank sirrini təşkil edir.
  3. Avtomobil və kreditlə bağlı sizi maraqlandıran bütün xırdalıqları və incəlikləri üçüncü və sövdədə heç bir marağı olmayan tərəfin (bank filialının direktoru) dilindən öyrəndikdən sonra, siz avtomobili almaq istəyini təsdiqləməlisiniz. Sizin şəxsiyyət vəsiqəniz əsasında kreditin sizin adınıza rəsmiləşdirilməsi və bu avtomobilin DYP-də qeydiyyatı və girov qoyulması üçün yeni sənədlər tərtib olunaraq və çap ediləcək.
  4. Siz tərtib edilmiş sənədləri imzaladıqdan sonra səlahiyyətli bank əməkdaşı, sizinlə və avtomobili satan tərəf ilə növbəti proseduraları həyata keçirmək üçün DYP-nə gedəcək. Avtomobil satıcının adından girovdan çıxarılacaq və sonra alqı-satqı müqaviləsi əsasında sizə satılacaq, sizin adınıza rəsmiləşəcək və sizin adınıza girov qoyulacaq və gələcəkdə siz öz adınıza rəsmiləşdirilmiş krediti ödəyərək, kənar şəxslərlə bağlı problemlərlə üzləşməyəcəksiniz.
  5. Əgər DYP-də avtomobilin sizin adınıza rəsmilləşdirilməsi zamanı sizə məlumat versələr ki, bu avtomobil üzərində yol nəqliyyat hərəkatı qaydalarını pozma səbəbindən müxtəlif cərimə və borc qəbzləri vardır, onda siz bu pulu ödəyərək, onu avtomobilin satıcısına ödəməli olduğunuz məbləğdən çıxa bilərsiniz.

Mənbə: meslehetdir.com 

Ən sərfəli krediti almaq üçün müraciət et