Kredit gecikmələrini sildirmək olarmı? | Banco.az

Kredit gecikmələrini sildirmək olarmı?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bir neçə gün bundan öncəyi yazımızda kredit tarixçəsini düzəltmək barədə məlumat vermişdik.

Ümumiyyətlə, kredit tarixçəsi banklar üçün vətəndaşın maliyyə sabitliyini və etibarlılığını qiymətləndirən sənədlərdən biridir.

Banco.az xəbər verir ki,  kredit gecikmələri barədə danışan Azərbaycan Kredit Bürosunun baş direktor müavini Seymur Həsənov bildirib ki, borcun ödəniş tərzini əks etdirən tarixçə (pozitiv və neqativ məlumatlar) “Kredit büroları haqqında” Qanunun tələblərinə uyğun olaraq ayda ən azı bir dəfə olmaqla Büronun məlumat bazasına təqdim olunur.

 Müvafiq gecikmə günlərinin hesablanması müştərinin ödəniş qrafiki üzrə zəruri ödənişini tam edən ana qədər hesablanır və təşkilatın sistemində qeyd edilir.

Daha sonra borcun ödəniş tərzini əks etdirən tarixçə (pozitiv və neqativ məlumatlar) “Kredit büroları haqqında” Qanunun tələblərinə uyğun olaraq ayda ən azı bir dəfə olmaqla Büronun məlumat bazasına təqdim olunur.

Təqdim olunan məlumatların tərkibində gecikmə günlərinin mövcudluğu əksini taparsa, bu məlumatlar Büronun məlumat bazasına təqdim olunan andan etibarən sorğu edən təşkilatlar üçün əlçatan olur və şəxsin kredit ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınan əsas faktorlardan biri olur.

Bəs borc məlumatları hansı müddətə qədər qorunub saxlanılır?

Borc məlumatları tarixçədə 10 il ərzində icmal hesabat formasında saxlanılır. Gecikmə günlərinin tarixçədə əks olunması ilə bağlı iki ssenari mövcuddur: Birinci ssenaridə müştəri kredit müqaviləsi aktiv olduğu müddətdə ödənişlərində gecikmələrə yol verir və daha sonra, müqavilə müddəti bitməmiş qrafik üzrə tələb olunan vaxtlarda ödənişlərini həyata keçirir və sonuncu ödənişini qrafik üzrə vaxtında edib borcunu bağlayır.

Ən sərfəli kredit üçün müraciət et

Belə olan halda şəxsin tarixçəsində yalnız son 24 ayın tarixçəsi əks olunur və sonuncu edilmiş gecikmə günləri iki ildən sonra şəxsin tarixçəsində əks olunmur.
İkinci ssenaridə isə müştəri kredit müqaviləsi üzrə tələb olunan sonuncu ödəniş tarixində ödənişini tam həyata keçirmir və gecikmə günləri yaranır. Bu halda isə şəxsin kredit hesabatında müvafiq məlumat (sonuncu ödəniş üzrə gecikmə günlərinin sayı) 10 il müddətində öz əksini tapır və sorğu əsasında məlumat istifadəçilərinə təqdim edilir.

Büro tarixçədə müraciət əsasında düzəliş edə bilərmi?

Büroda məlumat təchizatçıları tərəfindən daxil olan məlumatlar yalnız texniki emal edilir və bu məlumatlar üzərində hər hansı dəyişiklik aparmaq Büronun səlahiyyətləri xaricindədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et