“Kredit büroları haqqında” dəyişiklik hansı imkanları artıracaq? | Banco.az

“Kredit büroları haqqında” dəyişiklik hansı imkanları artıracaq?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasında "Kredit büroları haqqında" Qanuna dəyişiklik edilib. Bu dəyişiklik, kredit tarixçəsi subyektlərinin (fiziki və hüquqi şəxslər) kredit məlumatlarını razılıq almadan təqdim edən məlumat təchizatçılarına mobil telefon operatorlarının da daxil edilməsini nəzərdə tutur.

İqtisadçı Əkrəm Həsənov Banco.az-a müsahibəsində bildirib ki, bu yenilik kredit tarixçəsinin tamlığını təmin etməyə yönəlib. O, hesab edir ki, bu dəyişiklik kredit verilməsi zamanı vətəndaşların hansı məbləğdə borc ala biləcəyini müəyyənləşdirməyi asanlaşdıracaq:

“Kredit tarixçəsi vətəndaşların borcları haqqında məlumatları əks etdirir, burada həm müsbət, həm də mənfi göstəricilər yer alır. Müsbət göstəricilər vaxtında ödənilən borcları, mənfi göstəricilər isə gecikdirilən ödənişləri göstərir. İndiyə qədər kredit bürosu bu məlumatları banklardan, kredit təşkilatlarından və müəyyən məbləğədək nisyə mal satan ticarət şəbəkələrindən alırdı. Yeni dəyişikliklə mobil operatorlardan da məlumatların daxil edilməsi, kredit verənlərə əlavə üstünlüklər yaradacaq”.

Ən sərfəli kredit üçün müraciət et

Əkrəm Həsənov, bu yeniliyin vətəndaşların maliyyə davranışlarına müsbət təsir edəcəyini qeyd edib:

“Məsələn, tanışlarımızdan borc istədikdə, onların əvvəlki borclarını vaxtında qaytardığını bilmək, bizə onlara rahatlıqla borc verməyə imkan tanıyır. Banklar da daha dolğun məlumat əldə edərək, müştərilərin maliyyə vəziyyətini daha dəqiq qiymətləndirə biləcəklər”.

2024-cü ildə bank kreditlərinin verilməsi üzrə statistikalar göstərir ki, bu dəyişikliklər, kreditlərin verilməsi prosesini daha şəffaf və dəqiq edir.

Dövlət Statistika Komitəsinin 2024-cü il sentyabrın 1-nə olan məlumatına görə, Azərbaycanın iqtisadiyyatına yatırılan ümumi kredit investisiyaları təxminən 27.65 milyard manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 15.3% artım deməkdir. İllik müqayisədə bu göstərici 23% artıb ki, bu da 2023-cü ilin sentyabr ayından bəri 5.16 milyard manatlıq artım deməkdir.

Bu artım həm bank, həm də qeyri-bank kreditlərini əhatə edir ki, bu da ölkədə kreditin əlçatanlığının genişlənməsini göstərir.

Ən sərfəli krediti almaq üçün müraciət et