Kredit borcunun annuitet qaydada ödənişi: üstün və çatışmayan tərəfləri | Banco.az

Kredit borcunun annuitet qaydada ödənişi: üstün və çatışmayan tərəfləri

Nə üçün bugün insanlar kredit borcunu annuitet qaydada ödəməyə daha çox üstünlük verirlər? İlk olaraq, qeyd edək ki, bu üsul "standart" üsul ilə müqayisədə, banklar üçün daha sərfəlidir. Çünki annuitet adlanan qayda kreditin ödəmə müddəti ərzində ödənişin bərabər paylarla həyata keçirilməsini nəzərdə tutur.

Annuitet ödəmə sxeminin üstünlükləri:

Əgər annuitet və standart ödəmə sxemlərində qeydə alınan əlavə xərcləri müqayisə etsək, o zaman kredit borcunun standart qaydada ödənilməsinin borcalan üçün daha əlverişli olduğunu görərik. Lakin bu amil bizə annuitet ödəmə sxeminin bir sıra üstün cəhətlərini danmaq hüququ vermir. Beləliklə, sözügedən üstün tərəfləri nəzərdən keçirək:

- Bu sxemdə sabit ödəniş məbləğinin olması bir çox borc ödəyicilərini qane edir. Çünki belə olduğu təqdirdə, ödəyici hər dəfə borc məbləğini dəqiqləşdirmək məcburiyyətində qalmır, çaşqınlıq yaşamır, nəticədə, büdcəsini düzgün şəkildə planlaşdırmağı və krediti asan şəkildə ödəməyi bacarır.

- Bu sxem azgəlirli insanlar üçün olduqca əlverişlidir. Çünki ilk aylarda yüksək məbləğli ödənişlər tələb edən standart ödəmə sxemi aylıq gəliri aşağı olan insanların büdcəsinə ciddi zərər vura bilər. Bu səbəbdən də, bu kateqoriyaya aid insanların öz borclarını məhz annuitet qaydada ödəmələri tövsiyyə olunur.

- Annuitet qaydada ödəniş - uzun müddətə yüksək məbləğdə kredit götürmək istəyən şəxslər üçün də faydalıdır. Bu zaman borc üzrə ödəniş aylıq gəlir və ilkin ödəniş əsasında hesablanır. Elə bu səbəbdən, borc üzrə ödənişin məbləğinin az olması, borcalanın daha yüksək məbləğdə kredit götürdüyünü göstərir.

- Bu sxemdə ilkin ödəniş məbləğinin kreditin rəsmiləşdirildiyi gündən asılı olaraq dəyişməsi bir çox müştərilər üçün ödəniş prosesini daha da asanlaşdırır. Belə ki, krediti ayın ortasında və ya sonunda götürən müştəri ödənişlə bağlı heç bir narahatlıq keçirməməlidir, çünki ilkin ödəniş olduqca kiçik məbləğdə olacaq. Bu, xüsusilə ay ərzində çox məsrəf edən və maliyyə sabitliyini bərpa etmək üçün müəyyən zaman kəsiyinə ehtiyac duyan insanlar üçün faydalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Annuitet ödəmə sxeminin çatışmazlıqları:

Bu sxemin başlıca çatışmayan cəhəti borcun qabaqcadan ödənilməsi ilə aylıq ödəniş məbləğini azaltmağın bir çox banklarda mümkün olmamasıdır. Bunun üçün borcalan kredit ekspertinə müraciət etməli və qrafikin yenidən hesablanması üçün izahat yazmalıdır. Annuitet qaydada ödənişin daha bir çatışmayan cəhəti isə kreditin vaxtından əvvəl ödənilməsidir. Qeyd edək ki, bu proses müqavilənin fəaliyyət müddətinin ikinci yarısında həyata keçirilir (bu müddətə qədər borcalanlar, bir qayda olaraq, lazım olan məbləği toplayır və bankirlərlə hesablaşmaq üçün kifayət qədər vəsaitə sahib olurlar). Artıq bu müddətə, yəni müqavilənin fəaliyyət müddətinin 2-ci yarısına qədər faizlərin böyük hissəsi ödənilmiş olur. Bu səbəbdən də, ödəmə müddətinin bitməsinə 3-4 ay qalmış bütün məbləği ödəmək üçün durmadan çalışmağa, digər maddi ehtiyacları qarşılamamağa və yalnız buna fokuslanmağa ehtiyac yoxdur. Unutmayın ki, borcu vaxtından öncə ödəmək üçün hər şeydən imtina etmək əvəzinə, siz, borcu vaxtlı-vaxtında ödəyib, öz maddi ehtiyaclarınızı qarşılaya və təxirə salmaya bilərsiniz.

Annuitet ödəmə sxemi kimlər üçün ideal hesab oluna bilər?

- Yüksək məbləğli aylıq ödənişlər etmək iqtidarında olmayan və bütün gəlirlərini komissiya, notariat və sığorta haqlarının ödənilməsinə sərf etdiyi üçün maddi çətinliklər yaşayan insanlar,

- Stabil və sabit gəliri olan, eləcə də büdcəni əvvəlcədən planlaşdırmaq istəyən şəxslər,

- Qısa müddətə (1-2 il müddətinə) kredit götürən müştərilər,

- Krediti vaxtından əvvəl ödəmək iqtidarında olmadığını anlayan insanlar.

Sonda, yuxarıda qeyd olunan bütün fikirləri ümumiləşdirərək söyləyə bilərik ki, bütün üstün və çatışmayan cəhətləri ilə birlikdə annuitet ödəmə sxemi cari dövrdə müasir maliyyə təşkilatları arasında xüsusi populyarlıqla istifadə olunur. Müştərilər isə daha faydalı və sərfəli üsullar axtarışında olduqları üçün annuitet qaydada ödənişə üstünlük verir.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et