Kredit borcunu ödəməyən müştərilərə tətbiq olunan cərimə üsulları | Banco.az

Kredit borcunu ödəməyən müştərilərə tətbiq olunan cərimə üsulları

Bəzən elə hallar olur ki, şəxs ehtiyac anında bir neçə krediti rəsmiləşdirməklə çoxsaylı borc öhdəlikləri qarşısında çıxılmaz vəziyyətdə qalır. Nəticə etibarilə, o, kredit üzrə ödənişlər həyata keçirə bilmir. Belə bir vəziyyətdə bank borcgötürənə ödənilməmiş kredit borcuna görə məsuliyyət daşıdığını xatırlatmaq üçün müxtəlif cərimə üsullarından istifadə etməyə başlayır. Aşağıda qeyd olunmuş cərimə üsulları kredit borcunu gecikdirən müştərilər üçün nəzərdə tutulub və müştərilərin öz borc öhdəliklərinə məsuliyyətlə yanaşmasını təmin etmək məqsədi daşıyır:

Cərimələr və penyalar

Bankların tətbiq etdikləri ilkin cərimə tədbirlərindən biri kredit borcunun ödənişini gecikdirən zaman hesablanan cərimə və penyalardır. Penyalar hesablanma qaydasına görə bir-birindən fərqlənir. Belə ki, onların bəziləri borcun məbləği, bəziləri isə kredit vəsaitlərinin ilkin həcmi əsasında hesablanır. İstənilən halda, uzun müddət ərzində heç bir ödəniş həyata keçirilməzsə, o zaman cərimə məbləğində ciddi artım müşahidə oluna bilər.

Kredit tarixçəsinin pisləşməsi və mənfi kredit tarixçəsinə çevrilməsi

Zamanında yerinə yetirilməyən ödənişlər avtomatik olaraq, müştərinin kredit tarixçəsinin pozulmasına səbəb olur. Daha sonra isə kredit borcunu gecikdirən borcgötürən barədə məlumat Kredit Tarixçələri Bürosuna ötürülür və bununla da, həmin şəxs növbəti dəfə başqa bir bankdan kredit əldə etmək şansını sıfra endirmiş olur.

 

Şəxsin əmlakının satışa çıxarılması

Ən sərfəli kredit üçün müraciət et

Əgər borcalan artıq uzun müddətdir ki, kredit borcunu ödəməkdən imtina edirsə, o zaman bank bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər məhkəmə borcalanın günahkar olduğunu müəyyən etsə, o zaman onun əmlakı müsadirə olunacaq və bazar qiymətindən daha ucuz qiymətə satılacaq. İlk növbədə, banka girov qismində təqdim edilən əmlak satışa çıxarılır. Əgər şəxs kredit müqabilində banka girov qismində heç bir əmlak təqdim etməyibsə, o zaman məhkəmə icraçıları onun pul vəsaitlərini (bankdakı hesab və nağd pullar) müsadirə edəcəklər. Bundan əlavə, həmin şəxsin mülkiyyətində olan avtomobil və digər əmlak növləri də ödəniş qismində təqdim oluna bilər. Əgər əmlakın müsadirəsindən sonra şəxs yenə də banka borclu qalırsa, o zaman o, borcun yerdə qalan hissəsini öz aylıq maaşından ödəmək məcburiyyətindədir. Məhkəmənin qərarına əsasən, həmin şəxs hər ay əmək haqqısının yarısını kredit borcunun ödənilməsinə sərf etməlidir.

Şəxsin ölkə hüdudlarını tərk etməsi ilə bağlı qadağanın tətbiqi

Əgər məsələ məhkəmə ilə həll olunacaq qədər ciddi xarakter alıbsa, o zaman borcalanın ölkə hüdudlarını tərk edərək başqa bir ölkəyə getməsi qadağan olunacaq. Sözügedən qadağa həm turizm, həm də qohum və tanışlarla görüşmək məqsədilə təşkil olunan səfərlərə aiddir. İstənilən halda, əgər ödənişlə bağlı problem yaşayırsınızsa, o zaman banka gedərək bu problemi bank əməkdaşlarına izah etməli və kredit borcunu gecikdirdiyiniz təqdirdə gizlənməməlisiniz. Unutmayın ki, banklar kredit verməkdə maraqlıdırlar. Bu səbəbdən də siz onlara kredit üçün müraciət etdikdə, onlar sizə sərfəli şərtlərlə kredit təklif etməyə çalışacaqlar. Siz isə öz növbənizdə kredit nəticəsində qazandığınız borc öhdəliklərinə qarşı diqqətli və məsuliyyətli yanaşmalısınız.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et