Banklar müxtəlif üsullar - aşağı faiz dərəcələri, daha uzun ödəniş müddəti və kiçik məbləğli aylıq ödənişlər vasitəsilə insanları kredit götürmək üçün həvəsləndirməyə çalışırlar.
Lakin əksər hallarda kredit götürən insanın sevinci uzun çəkmir. O bilir ki, artıq 1 neçə il müddətində hər ay banka qazandığın pulun bir qismini ödəməli olacaq. Əgər siz krediti bərabər ödənişlər əsasında ödəyirsinizsə, o zaman qeyd edək ki, ilkin ödənişlərin xüsusi özəlliyi vardır. Həmin özəllik ondan ibarətdir ki, ödənişin əsas hissəsini faiz dərəcələri təşkil edir və yalnız yerdə qalan çox az məbləğ kreditin ödənilməsinə yönəldilir. Nəticədə etibarilə, borcun əsas hissəsi azalmır, banka ödənilən məbləğ isə müntəzəm olaraq artır.
Hamıya məlumdur ki, kreditlər üzrə bank faizləri hər zaman depozit faizlərindən yüksək olur. Bu səbəbdən də əgər əlavə gəliriniz olsa ondan yığım etmək məqsədilə deyil, vaxtından əvvəl kreditlərin ödənilməsi üçün istifadə edin.
Adətən, bir insanın bir neçə krediti və borcu olur. Kredit üzrə ödənişlər gəlirlərin böyük bir hissəsini əhatə edir. Halbuki, kredit ödənişləri olmasa, şəxs həmin pulu yığım və ya investisiya formasında dəyərləndirə bilər. Bəs krediti daha qısa müddətdə ödəmək üçün hansı üsullar mövcuddur?
Əslində isə qayda olduqca sadədir: Ödənişləri 10% artırmaq lazımdır. Bu fikir şablon səslənsə də, müsbət nəticələr verəcəyinə əmin ola bilərsiniz. Lakin burada bir ipucu var. Unutmayın ki, əgər siz bütün kreditlər üzrə ödənişlərinizi 10% artırsanız, heç bir nəticə əldə etməyəcəksiniz.
Çalışın əlavə pulunuz olduğu təqdirdə, həmin məbləği əyləncəyə deyil, kreditlərinizin ödənilməsinə sərf edəsiniz. Bunun nəticəsində siz nəinki qısa müddət ərzində borclarınızdan qurtula, həm də öz pulunuza qənaət edə bilərsiniz. Bununla yanaşı, kredit ödədiyiniz müddət ərzində əlavə iş yerinizin olması sizin üçün daha yaxşıdır.
Analitiklər və maliyyəçilər kreditlərin ödənilməsi üzrə 2 əsas metodu effektiv hesab edirlər:
1. Borcların bərabər ödənilməsi metodu. Bu metod bütün borcların eyni anda bərabər məbləğlərlə ödənilməsini nəzərdə tutur.
Bu metoddan istifadə zamanı bütün borclar üzrə kreditlər minimal məbləğlərlə ödənilir. Bütün əlavə vəsaitlər isə borcların sayına bölünür. Kreditlərin biri tam ödənildiyi təqdirdə, bütün əlavə vəsaitlər yeni borcların sayına bölünür və bu yolla borcların ödənilməsi prosesi davam etdirilir.
Əslində bu üsul heç bir xüsusi üstünlüyə malik deyil. Bu metod zamanı siz konkret olaraq borclara istiqamətlənir və onlar arasında heç bir fərq qoymadan hamısını ödəməyə başlayırsınız.
2. "Qar uçqunu" metodu. Bu metod faiz dərəcələrinin tədricən azaldılması yolu ilə borcların ödənilməsini nəzərdə tutur. Nəticədə, ilk öncə böyük, sonra isə kiçik borclar ödənilir.
Qeyd edək ki, burada faiz dərəcələri dedikdə, kredit üzrə nominal deyil, effektiv, yəni bütün əlavə ödəniş və komissiyaları əhatə edən faiz dərəcələri nəzərdə tutulur.
Öz borclarınızı effektiv faiz dərəcələri üzrə təsnifatlaşdırın. Ən böyük borclarınız istisna olmaqla, yerdə qalan bütün borclarınız üçün minimal ödənişlər edin. Əlavə gəlirlərinizin hamısını isə böyük borclarınızın ödənilməsinə sərf edin.
Bu üsul digərləri ilə müqayisədə daha səmərəli hesab olunur. Belə ki, bu üsul vasitəsilə ən böyük borcların ödəniş müddəti minimuma endirilir.
Psixoloi baxımdan mənfi cəhəti: Əgər böyük borclarınızın məbləği çoxdursa, onların ödənilməsi üçün müəyyən müddət tələb olunacaq. Yəni, qısa müddət ərzində bu borclardan azad ola bilməyəcəksiniz. Bu prosesin uzun müddət davam etməsi sizi məyus edə bilər.
Bütün bunlara baxmayaraq, borcların hansı formada ödənilməsi insanın öz seçimindən asılıdır. Sadəcə çalışmaq lazımdır ki, borcları mümkün qədər qısa müddət ərzində ödəməyi bacaraq.
Sevinc Ibadova/Banco.az