Kredit almaq bir az da çətinləşəcək | Banco.az

Kredit almaq bir az da çətinləşəcək

Mərkəzi Bank istehlak kreditləri ilə bağlı yeni qərar verib. Belə ki, Mərkəzi Bankın yeni hazırladığı “Məsuliyyətli kreditləşmə” sənədinə əsasən istehlak kreditlərinin verilməsi bir qədər də çətinləşəcək.
Məlumata görə, sənədin əsas məqsədi- bankların kredit verərkən daha məsuliyyətli olmasını təmin etməkdir. Mərkəzi Bankın banklardan əsas tələbi kredit verərkən müştərinin aylıq gəlir həcminin nəzərə alınmasıdır. Qurum konkret bir nisbət müəyyən edəcək ki, müştərinin aylıq gəlirinin aylıq kredit ödənişinə nisbəti bu rəqəmdən artıq olmasın.
Mərkəzi Bankın rəsmisi Nəbi Əliyev bu sənəd daxilində ümumilikdə borcun gəlirə nisbəti əmsalına hazırda Mərkəzi Bankda baxıldığını söyləyib. Onun sözlərinə görə, əhalinin aylıq gəlirləri onların aylıq kredit ödənişinə nisbəti riyazi hesablanır:“Hazırda bu əmsalın tətbiqi perspektivləri, bu əmsalın göstəricinin müəyyən olunması istiqamətində beynəlxalq təcrübə araşdırılır. Müxtəlif ölkələr özlərinin iqtisadi və sosial şəraitindən asılı olaraq müxtəlif nisbətdən istifadə edir. Bu hesablamalar hər ölkədə əhalinin gəlirlərinin iqtisadi tsikllərinə baxaraq aparılır. Bəzi ölkələr hesablamaları 50% götürə bilər, bəzi ölkələr 40, bəziləri 60%. Hazırda araşdırmalar bu istiqamətdədir ki, bu göstərici olmalıdırmı və əgər olarsa hansı səviyyədə olmalıdır”.

Ən sərfəli kredit üçün müraciət et

Banklardan sosial məsuliyyətin artırılması, onların müştəriyə uyğun məhsul təqdim etməsi, müştərinin istəyindən daha çox onun imkanlarının nəzərə alınması tələb edilir. Müştərinin imkanlarının necə və hansı üsullarla qiymətləndirilməsi də konkret göstəriləcək. Hesab olunur ki, hökumətin bu addımlarının əsas məqsədi problemli kreditləri azaltmağa yönəlib. Çünki banklara qaytarılmayan kreditlərin həcmi artıq 1 milyard manata yaxınlaşır.

ANS TV

Ən sərfəli krediti almaq üçün müraciət et