“Kollektivin gücüylə qazanılan uğur daha effektiv olur” | Banco.az

“Kollektivin gücüylə qazanılan uğur daha effektiv olur”

Taleh Tahirli: “Bəxt ilə əldə edilən uğurları çalışmaqla da qazanmaq mümkündür”

Karyerada bəxtin böyük rolunun olduğunu deyir. Onun fikrincə, bəxt daha çox işədüzəlmə anında rol oynayır. Amma bəxt ilə əldə edilən uğurları çalışmaqla da qazanmağın mümkünlüyünə inanır. Ancaq bunun üçün səbr və çalışqanlıq olmalıdır. Həmsöhbətimiz Unibankda Pərakəndə məhsullar və proseslərin inkişafı departamentinin rəhbəri Taleh Tahirlidir. 1981-ci il mayın 15-də Quba rayonunda anadan olub. Orta məktəbi də Qubada bitirib. Qafqaz Universitetində idarəetmə ixtisası üzrə təhsil alıb. Buranı bitirdikdən sonra təhsilini İsveçin Qottenburq Universitetinin Biznes Məktəbində beynəlxalq idarəetmə ixtisası üzrə magistratura pilləsində davam etdirib. 2007-ci ildən Unibankda müxtəlif vəzifələrdə çalışıb. 

- Taleh bəy, orta məktəbi bitirdikdən sonra çoxlarının xəyal etdiyi beynəlxalq hüquq ixtisasına qəbul olsanız da, sonradan ixtisasınızı dəyişmisiniz. Maraqlıdır, səbəb nə idi? 

- Abituriyent dövrüm 1999-cu ilə təsadüf edir. O zamanlar hüquqşünas ixtisası dəbdə idi. Valideynlərim hüquqşünas olmağımı məsləhət görürdülər. Mən də onlara etiraz etmədim və Qafqaz universitetinin beynəlxalq hüquq şöbəsinə daxil oldum. Artıq hansı ixtisasda təhsilimi davam etdirsəm, uğur qazana biləcəyimi götür-qoy edəcəyim bir yaş dövrüm idi və hüquq ixtisasını özümə tam uyğun görmədim. Araşdırma apardım və bu zaman idarəetmə ixtisasının imkanlarının daha geniş olduğunu özüm üçün aşkarladım. Düşündüm ki, idarəetmə üzrə ixtisaslaşsam, müxtəlif departamentlərdə çalışmaq kimi seçim imkanlarım, alternativim daha çox olacaq. Buna görə ixtisasımı Beynəlxalq hüquqdan Biznesin idarəedilməsi fakültəsinə dəyişdim. Bu gün də seçimimi düzgün etdiyimə inanıram. İxtisasımı dəyişdikdən sonra gələcək planlarımı, hədəflərimi o istiqamətdə təyin etməyə başladım. Tələbə olarkən qarşıma qoyduğum əsas hədəf təhsilimi xaricdə davam etdirmək idi. Universiteti uğurla bitirdikdən sonra daha yaxşı biliklərə yiyələnmək üçün Qərb təhsilindən yararlanmalı idim.

Dördüncü kursdan İsveçdə Qottenburq Universitetində beynəlxalq idarəetmə ixtisası üzrə magistratura pilləsində təhsilimi davam etdirəcəyimi düşünürdüm və arzumu reallaşdırdım. Burada isveçlilərlə yanaşı, başqa millətlərdən olan tələbələr də oxuyurdu. Mənim üçün maraqlı təcrübə idi. 4 ilə qədər İsveçdə oldum. Müxtəlif mədəniyyətlərin daşıyıcıları ilə ünsiyyət qurmaq, fərqli baxışlı insanlarla tanışlıqdan çox şey öyrəndim. Təhsilimi bitirdikdən sonra orada müəyyən layihələrdə iştirak edərək, ixtisasım üzrə daha da təkmilləşdim. Oxuduğum proqramın çox maraqlı metodikası var idi. Belə ki, magistr proqramının metodikası real şirkət problemlərinin araşdırılması üzərində qurulmuşdu. Nüfuzlu bir məktəb olduğu üçün İsveçdə böyük şirkətlər daim real biznes problemlərini bizim məktəbə təqdim edirdilər. Bu, həm özləri üçün maraqlı idi, bir növ problemin həlli başqa bir baxışla incələnirdi, tələbələrin fikirləri öyrənilirdi. Digər tərəfdən isə İsveçdəki şirkətlər tələbələrə dəstək olmaqla sosial məsuliyyətlərini nümayiş etdirirdilər. Məsələnin araşdırılması üçün yaradılmış tələbə işçi qrupları 2-3 həftə ərzində şirkətlərin gündəlik idarəetməsində iştirak edir, real problemlərlə yaxından tanış olurlar və iş həyatındakı problemi nəzəriyyə ilə qarşılaşdırıb məsələdən çıxış yolunu təklif edirdilər. Bu gün mən orada öyrəndiklərimi həm nəzəri, həm də təcrübi baxımdan rahatlıqla tətbiq edə bilirəm. 

- İsveçdən qayıdanda iş problemi yaşamadınız ki? 

- Universiteti bitirdikdən sonra bir çox tələbələr kimi mənim də arzu etdiyim işi tapmaq narahatçılığım var idi. İsveçdə nüfuzlu universiteti bitirib qlobal şirkətlərlə sıx əlaqədə olan proqramı bitirib qayıtdıqdan sonra qlobal şirkətdə işləmək istəyim var idi. Doğrusu, belə bir ambissiya ilə Azərbaycana gəlib buna uyğun iş tapa bilməmək məni sözsüz ki, narahat edirdi. Bu zaman bazarı araşdırdım və CV-mi hazırladım. Əsas məqsədim bank sektorunda işləmək idi. Həmin vaxtlar işədüzəltmə agentliklərinə CV-mi göndərdim. Bu agentliklərdən biri mənimlə əlaqə saxladı. Onların vasitəsilə Unibanka gəldim. 2007-ci ildə Azərbaycana qayıtdıqdan sonra qısa müddətdə Unibankda bir neçə mərhələdən ibarət müsahibədən uğurla keçdim. İşə marketinq şöbəsində mütəxəssis vəzifəsindən başladım. Bir ildən sonra aparıcı mütəxəssis, baş mütəxəssis kimi işimə davam etdim. Sonra həmin bölmənin supervayzeri, şöbə müdiri və bu gün də rəhbəri işləyirəm. 

- Maraqlıdır, Pərakəndə məhsullar və proseslərin inkişafı departamenti olaraq hansı işləri görürsünüz?

- İşimiz çox maraqlıdır və funksionallıq çoxdur. Birinci növbədə ona görə maraqlıdır ki, səhər işə gəldikdə işin ən azından yarısını tam təxmin edə bilmirəm ki, hansı istiqamətdə olacaq. Çünki rəqabət güclüdür və bu rəqabət tələb edir ki, bazarda baş verənlərə daha tez cavab verək. Hər günümüz sabahkı günə necə reaksiya verəcəyimizə dair hansısa qərarların qəbul edilməsiylə başlayır. Daim yeni layihə ideyalarının yaradılması və qısa müddətdə onların həyata keçirilməsi üzərində çalışırıq. Bu gün Unibankın pərakəndə bankçılıq sahəsində layihələrin həyata keçirilməsində rəhbərlik etdiyim departamentinin kollektivinin əməyinin əhəmiyyətli rolu vardır. Hər gün bazara çıxardığımız məhsulla bağlı hansısa yeniliklər fikirləşirik, müştəri məmnuniyyətinin artırılmasına dair yeni ideyalarımız olur. Gündəlik məqsədimiz yenilikçi olmağa çalışmağımızdır. Qısası, pərakəndə sahədə Unibankın təqdim etdiyi layihələrin, aksiyaların, məhsulların düşünülməsi, bazara təqdim edilməsi, məhsul və xidmətlərin daim təkmilləşdirilməsi, proseslərin optimallaşdırılması, partnyorlarımız ilə münasibətlərin tənzimlənməsi kimi tədbirlər departamentin gündəlik həyata keçirdiyi əsas işlərdəndir. Layihələrin həyata keçirilməsində digər departamentlərin də rolu əvəzedilməzdir. Departamentin işinin digər maraqlı tərəfi də məhz digər bölmələrimizlə daim sıx ünsiyyətdə olmağımızdan ibarətdir. 

- İşinizdə nə sizə stimul verir?

- Birinci növbədə, işimi sevməyim və ona daim həvəslə yanaşmağım, ikincisi, işlədiyim kollektiv, üçüncüsü, imza atdığımız uğurlar, dördüncü, hədəflədiyimiz işlər mənə stimul verir. 

- Bəs siz rəhbər kimi işçilərinizə necə stimul verirsiniz?

- İşə həvəsli olmağım mənim uğurlu karyeramın əsas səbəblərindən biridir. Mən işimi çox sevirəm və çox həvəslə yanaşıram. Unibankda işlədiyim ilk gündən bu prinsipə riayət etmişəm. İcra etdiyim işin mahiyyətindən asılı olmayaraq, daim çalışmışam onu sevərək və həvəslə yekunlaşdırım. Hesab edirəm ki, işə olan həvəsi rəhbərlik etdiyim əməkdaşlarımda da oyatdıqda məndə olan həvəs bir neçə qat artır. Əminəm ki, bu, eyni qaydada bütün kollektivə də təsir edir. Rəhbər tərəfindən işə həvəs varsa, rəhbər o həvəsi işçilərinə də yönəldə bilirsə, bu halda kollektivlə birgə bir çox uğura imza atmaq olar. 

- Sizcə, karyerada bəxtin rolu nə dərəcədədir?

Ən sərfəli kredit üçün müraciət et

- Əslində bəxtin böyük rolu var. Sadəcə, bu, vəziyyətdən asılıdır. Əgər insan müəyyən hədəf təyin edir və həmin hədəfə çatmaq üçün işə başlayırsa, burada bəxt amili o qədər də güclü rol oynamır. Çünki verilmiş tapşırıqlar düzgün icra olunarsa, daim nəsə öyrənilib tətbiq edilərsə, karyeranda ulduzun parlaya bilər. Bəxt əsasən daha çox işədüzəlmə anında rol oynayır. Məsələn, hansısa fürsət yarana bilər, o fürsətdən istifadə edib 4-5 ilə görəcəyin işi qısa bir müddətdə reallaşdıra bilərsən. Məncə, bəxt ilə əldə edilən uğurları çalışmaqla da qazanmaq mümkündür. Bunun üçün səbr və çalışqanlıq olmalıdır.

- Bir qızınız var. Karyera ilə ailəni bir yerdə aparmaq, balansı saxlamaq nə dərəcədə asandır? 

- Bu balansı saxlamaq deməzdim ki, asandır. Amma həmişə balansı saxlamağa çalışıram və öhdəsindən gələ bilirəm. Karyera qurmaq insan üçün lazımlı bir hədəfdir. Amma heç vaxt ailəni unutmaq lazım deyil. Mütləq və mütləq ailəyə də vaxt ayırmaq lazımdır. 

- Uğurunuzun sirrini nədə görürsünüz?

- Bunun əsas səbəbi daim nəsə öyrənməkdir. Öyrənməyin dayanma nöqtəsi yoxdur. Daim insan bilik qazanmalıdır. İkincisi, qazanılan biliklə yanaşı, çalışqanlıq da olmalıdır. Bilik qazanıldısa, harasa tətbiq edilməlidir. Üçüncü növbədə, səbr gəlir. Mən özüm mütəxəssis vəzifəsindən başladım. İnsan təcrübə qazandıqca, karyerada irəliləyir. Səbrli olmaq tələb edir ki, insan mənimsədiyi biliyi, təcrübəni iş həyatında tətbiq etsin və səbrlə irəliləsin. Uğurlu karyeraya təsir edən dördüncü amil kollektivlə birgə işləmək qabiliyyətinə sahib olmaq və kollektivin gücündən istifadə etməkdir. Çünki kollektivin gücü ilə əldə edilən uğur daha effektiv və yüksək nəticəli olur. 

- Taleh bəy, özünüzü 10 il sonra hansı karyera pilləsində görürsünüz?

- Mən işlədiyim şirkətdə layihələr idarə edirəm. 10 ildən sonra da özümü layihələrin idarəedicisi kimi görürəm. Amma qlobal miqyaslı layihələrin idarə edilməsini istərdim. Bu gün sürətlə inkişaf edən biznes aləmində artıq Azərbaycan özü də bir neçə istiqamətdə çox sürətlə inkişaf edir. Özümü bu inkişafla paralel görürəm və zənn edirəm ki, təmsil etdiyim korporasiyada hanısısa böyük qlobal layihələrə rəhbərlik edəcəyəm. 

Mənbə: http://kaspi.az/news.php?id=13532