“Kölgə iqtisadiyyatı”nın aradan qaldırılması bank fəaliyyətinə də müsbət təsir göstərəcəkdir | Banco.az

“Kölgə iqtisadiyyatı”nın aradan qaldırılması bank fəaliyyətinə də müsbət təsir göstərəcəkdir

Hüquq üzrə fəlsəfə doktoru, ekspert Səbuhi Əliyev “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasının bank fəaliyyətinə müsbət təsirləri barədə münasibət açıqlamışdır. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadiyyatın inkişafı üçün mühüm məsələlərdən birinə - “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasına toxunulmuş, cənab Prezident tərəfindən sahibkar-dövlət münasibətlərində şəffaflığın təmin edilməsi prioritet məsələ kimi vurğulanmışdır.

Qısa desək, “kölgə iqtisadiyyatı” dedikdə, sahibkarlar tərəfindən görülən işlər və göstərilən xidmətlərin, eləcə də müəssisədaxili əməliyyatların uçotdan kənar aparılması, bunlardan gələn gəlirlərin bəyan edilməməsi və aparılan belə dövriyyənin müəssisənin qeyri-rəsmi mühasibatlığında aparılması başa düşülür. Uçotdan kənar olan belə fəaliyyət dövlətin iqtisadi maraqlarına, sosial siyasətinə zidd olmaqla, sabit inkişafın təmin edilməsinin qarşısını alır. Təsir dairəsi geniş olan bu fəaliyyət eyni zamanda bank fəaliyyətinin də həyata keçirilməsinə mənfi təsir göstərir.

Belə təsir əsasən, bankın mühüm fəaliyyət sahəsi olan kreditləşmənin həyata keçirilməsi prosesində özünü göstərir. Banklardan qanunsuz kredit alınmasının baş verməsinə kömək edən əsas amillərdən biri kimi məhz “kölgə iqtisadiyyatı”nın hələ də mövcud olması, müəssisələrdə ikili mühasibatlığın aparılmasıdır. Məsələn, bankdan kredit almaq istəyən ikili mühasibatlığı olan müəssisə, öz dövriyyəsinin əslində rəsmi açıqladığı maliyyə hesabatlarında deyil, əsasən qeyri-rəsmi apardığı mühasibatlıqda əks olunması barədə banka məlumat verir. Əksər hallarda banka təqdim olunan belə qeyri-rəsmi hesabatlarda banklara yalnış, mövcud olmayan dövriyyə barədə bilə-bilə yalan məlumatlar verilir ki, burada məqsəd banklardan qanunsuz yollarla kreditin alınmasına nail olmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert hesab edir ki, “kölgə iqtisadiyyatı”nın tamamilə ləğv edilməsi, sahibkarların şəffaf və öz gəlirlərinin düzgün uçotunun aparılması ilə fəaliyyəti təmin edilməli, onların ölkədə uçotdan kənar işlər və xidmətlər göstərmələrinə imkan yaradan bütün amillər neytirallaşdırılmalıdır. Belə olan halda isə banklardan kreditin qanunsuz alınması mümkün olmayacaqdır və onun qarşısı alınacaqdır. Çünki maliyyə hesabatının şəffaf aparıldığı və dövlət orqanlarında bəyan edildiyi halda, real olmayan göstəricilərin banklara təqdim edilməsi mümkün olmayacaqdır.     

editor.az