Kitab satışından kosmetika nəhənginə çevrilən şirkətin uğur hekayəsi | Banco.az

Kitab satışından kosmetika nəhənginə çevrilən şirkətin uğur hekayəsi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Banco.az Amerika-İngiltərə müştərək kosmetika şirkəti olan “Avon”un ruhlandırıcı uğur hekayəsini təqdim edir.

“Avon”un qurucusu Devid H.Makkonnel qapı-qapı gəzərək satmağa çalışdığı kitabların yanında hədiyyə olaraq verdiyi ətirlərin daha çox diqqət çəkdiyini başa düşdükdə yeni bir dünya brendinin təməlləri atılıb.

“Avon” kosmetika və gözəllik brendinin yaradıcısı, Amerikalı biznesmen Devid H.Makkonnel karyerasına 1880-ci illərdə qapı-qapı gəzərək kitab satmaqla başlayıb. O, hər gün səhər tezdən işə başlayır və gün ərzində evdar qadınlara əlindəki kitabları təqdim edərək satmağa çalışırdı. Bir müddət sonra kitab satışı gözlədiyi kimi getməyən Devid apteklərdən biri ilə razılığa gəlir və insanları satdığı kitabları almağa təşviq etmək üçün bu kitabların yanında ətir hədiyyə etməyə başlayır.

Qadınların kitablardan daha çox ətirlərə maraq göstərdiyini anlayan Makkonnel beləliklə kitab satışını dayandırıb ətir şirkəti yaratmağa qərar verib. 1886-cı ildə Nyu-Yorkda “California Perfume Company” adı ilə təsis etdiyi ətriyyat şirkəti 1928-ci ildən sonra ingilis ədəbiyyatının görkəmli yazıçısı Şekspirin doğulduğu yer olan Stratford-Apon-Eyvon (Stratford-upon-Avon) şəhərinin şərəfinə “Avon” olaraq adlandırılmağa başlanıb.

Öz istehsalı olan ətirləri ətraf əyalət və vilayətlərə aparmağa başlayan və bununla da satışları artıran biznesmen daha sonra Persis Foster Eames Albee adlı  satış nümayəndəsi ilə əməkdaşlıq etməyə qərar verib. Əvvəlcə müştərilərin evlərinə gedərək ətir satmağa çalışan Albee bir müddət sonra bu işi icra etmək üçün özünün qadınlardan ibarət komandasını yaradır. 

Komandanın təlimini intensivləşdirib heyəti artıran Albee bununla da, “Avon”un hazırki nəhəng qadın satış təmsilçiləri şəbəkəsinin əsasını qoyub. Şirkətin o vaxtlar həyata keçirdiyi birbaşa satış üsulu qadın məşğulluğunun son dərəcə aşağı olduğu bir vaxtda qadınlara evdən kənarda işləmək şansı verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram