“KFC” nin qurucusu Harland Sandersin uğur hekayəsi | Banco.az

“KFC” nin qurucusu Harland Sandersin uğur hekayəsi

Yıxıldığınız yerdən ayağa qalxmaq, həyata yenidən başlamaq üçün gec olduğunu düşünürsünüz? Elə isə sizi KFC (Kentucky Fried Chicken - Kentuki Qovrulmuş Toyuq) nin qurucusu və loqosunda təsviri olan sevimli adam Harland Sanders ilə tanış edək.

Harland Sanders hələ beş yaşında olarkən atasını itirdi. 16 yaşında məktəbi tərk etmək məcburiyyətində qaldı və artıq 17 yaşında dörd fərqli işdən çıxarılmışdı. 18 yaşında ailə qurdu və 22 yaşına qədər qatarlarda konduktor işlədi. Uşaqları dünyaya gəldi, ancaq həyat yoldaşı körpələri də götürərək Sandersi tərk etdi. Bundan sonra Sanders Amerika Ordusuna qoşulsa da bir müddət sonra tərxis edildi. Daha sonra kiçik bir kafedə aşbaz və qabyuyan kimi işə başladı. 65 yaşında təqaüdə çıxdı. Dövlətdən aldığı ilk təqaüd pulu 105 dollar kimi olduqca gülünc bir məbləğ idi. Hətta Sanders dövlətin onunla zarafat etdiyini düşünürdü. “Heç bir işə yaramayan bir insanam və yaşamağımın nə mənası var” deyə düşünərək intihar etməyə qərar verdi. Bir ağacın altında oturdu, vəsiyyətnaməsini yazmağa başladı, lakin həyatını kökündən dəyişdirəcək şeyləri qələmə aldığından xəbərsiz idi. Məhz həmin anda bir şeyin fərqinə vardı: Hələ etmədiyi o qədər çox şey var idi ki... Hətta bu mövzuda tanıdığı hər kəsdən daha bacarıqlı idi; Sanders mükəmməl aşbaz idi.

Əvvəl 87 dollar borc götürdü, daha sonra öz reseptinə əsasən toyuq bişirdi. Bunun ardınca qapı-qapı gəzərək Kentuki şəhərindəki qonşularına bu toyuqları satmağa başladı. Ancaq, onun istədiyi tam olaraq bu deyildi. O, bu xüsusi toyuq yeməyinin reseptini restoranlara satmaq və əvəzində komisyon haqqı almaq istəyirdi. Bu niyyətlə iki il boyunca  “Ford” avtomobili ilə demək olar ki bütün Amerikanı gəzdi. Düz 1009-cu cəhddə öz xüsusi reseptini satacaq bir restoran tapmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Razılaşmaya görə Sanders satılan hər bir toyuqdan sadəcə 5 sent pay alırdı. Əslində, bu heç də pis deyildi, çünki sifarişlər davamlı olaraq artırdı. Beləliklə, 1960-cı illərdə artıq Sanders ABŞ-ın dörd bir yanında yüzlərlə restoranla əməkdaşlıq edirdi.

Dörd il sonra Kentucky Fried Chicken şöhrət pillələrini addımlamışdı, Sanders də şirkəti sərmayəçi John Brown Jr. ə satmağa qərar verdi. Razılaşma əsasında 2 milyon dollar nəğd pul əldə etdi. Sanders şirkətin rəsmi reklam üzü olaraq qalacaqdı və buna görə ona hər il 250.000 dollar ödəmə ediləcəkdi. Artıq etməli olduğu yeganə şey media, müştərilər və işçilərlə ara-sıra bir araya toplanıb marketinq kampaniyalarını planlaşdırmaq idi.

Sanders 90 yaşında həyata gözlərini yumduğunda geridə dəyəri milyonlarla dollar təşkil edən bir marka və hər kəsə ilham verən uğur hekayəsi miras qoydu.  

Tamara Mustafayeva, banco.az