Kəskin istilərin insan və iqtisadi itkiləri artmaqda davam edir – Araşdırma | Banco.az

Kəskin istilərin insan və iqtisadi itkiləri artmaqda davam edir – Araşdırma

Müəllif: Gülnar Əhmədli, Banco.az

Qlobal temperaturun sənaye öncəsi dövrlə müqayisədə 1,3 dərəcədən çox artdığı şəraitdə isti hava dalğaları daha tez-tez, daha güclü və daha uzunmüddətli xarakter alıb. Bu il xüsusilə Avropada rekord istilər müşahidə olunub və minlərlə insanın həyatına son qoyub.

Banco.az xəbər verir ki, Almaniyada yüksək temperatur səbəbindən 9,8 mindən çox, Fransada isə 5,7 min nəfər həyatını itirib. Böyük Britaniyada bu il baş verən dörd isti hava dalğasının 2 877 nəfərin ölümünə səbəb olduğu təxmin edilir. ABŞ, Yaponiya və Cənubi Koreyada da ekstremal istilər minlərlə insanın sağlamlığına mənfi təsir göstərib.

İqlim dəyişikliyi meşə yanğınlarının genişlənməsini sürətləndirib. Bu il Avropa İttifaqında yanğınlar nəticəsində 460 min hektardan çox ərazi məhv olub, Kanadada isə 6 milyon hektar meşə yanaraq son illərin ən böyük itkilərindən biri qeydə alınıb.

İqtisadi təsirlər də getdikcə daha qabarıq hiss olunur. Quraqlıq kənd təsərrüfatında məhsuldarlığı azaldır, işçilərin əmək məhsuldarlığını aşağı salır, nəqliyyat və enerji infrastrukturunda problemlər yaradır.

Böyük Britaniyanın ECIU analitik mərkəzinin hesablamalarına görə, iyun ayında Avropada baş verən isti hava dalğası taxıl istehsalına təxminən 2 milyard avro zərər vurub. Bunun təxminən dörddə üçü Fransa və Macarıstanın payına düşür. Fransada buğda və qarğıdalı məhsulunun erkən inkişaf mərhələsində zərər görməsi səbəbindən taxıl istehsalı 4,1 milyon ton azaldılıb ki, bunun iqtisadi dəyəri 891 milyon avro qiymətləndirilir. Macarıstanda isə 2,4 milyon ton taxıl itkisi qeydə alınıb və bunun dəyəri 444 milyon avro hesablanıb.

Bu itkilər Avropanın taxıl idxalından asılılığını artıracaq və ilin sonrakı dövründə qlobal ərzaq və xammal qiymətlərinin yüksəlməsinə səbəb ola bilər.

Bundan başqa, London İqtisadiyyat Məktəbi və Avropa-Aralıq dənizi İqlim Dəyişikliyi Mərkəzinin hesablamalarına görə, təkcə iyun ayında Böyük Britaniyada isti hava dalğası 1,5 milyard dollarlıq iqtisadi zərər yaradıb. Zərərin əsas səbəbləri əmək məhsuldarlığının azalması, iş saatlarının qısalması, yuxu və sağlamlıq problemləri olub.

Eyni zamanda, Böyük Britaniyada iyul ayı tarixdə ən quraq ay kimi qeydə alınıb, ölkənin yarısında quraqlıq elan edilib və su istifadəsinə məhdudiyyətlər tətbiq olunub. Fransada isə yüksək temperatur səbəbindən 3 nüvə reaktorunun fəaliyyəti müvəqqəti dayandırılıb, Avropanın əsas ticarət marşrutlarından biri olan Reyn çayında su səviyyəsi rekord həddə enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram