Kəskin devalvasiyanın aparılması üçün heç bir səbəb yoxdur | Banco.az

Kəskin devalvasiyanın aparılması üçün heç bir səbəb yoxdur

“İnflyasiya birrəqəmli qalacaq, ərzaq məhsullarında bahalaşmanın iqtisadi əsası yoxdur”

 Azərbaycanda kəskin devalvasiyanın aparılması üçün heç bir səbəb yoxdur.

 

Bunu Dövlət Televiziyasının (AzTV) efirində Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

“Təbii ki, kəskin devalvasiyanın aparılması ölkədəki iqtisadi agentlərin, sahibkarların, əmanətçilərin (banklara manatla əmanət yatıranlar) mənafelərinə zidd olardı. Başqa ölkələrdən fərqli olaraq, biz bu addımı atmadıq. Birmənalı olarq deyirəm ki, bu addım barədə heç düşünülmür. Bizim əsas məqsədimiz bundan ibarətdir ki, ölkədə iqtisadi artımı stimullaşdıraq, ölkə başçısının dediyi kimi, ixracatı stimullaşdırılması istiqamətində siyasət aparaq. Çevik məzənnə siyasəti də bunun tərkib hissəsidir”, - deyə E. Rüstəmov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

E. Rüstəmov bildirib ki, çevik məzənnə siyasəti idxalı bahalaşdıra bilər. Lakin bu gün Azərbaycanın ərzaq məhsulları üzrə idxaldan asılılığı çox aşağıdır. “Məhz buna görə, biz Azərbaycana inflyasiya idxalını gözləmirik. Ərzaq məhsullarında bahalaşmanın iqtisadi əsası yoxdur”, - deyə baş bankir izah edib.

Bununla yanaşı, E. Rüstəmov qeyd edib ki, Azərbaycanda artıq iki aydır ki, dollarlaşma prosesi gedir və bu proses davam edəcək: “Burada qəribə heç bir şey görmürəm. Bu, psixoloji və xarici amillərlə, qonşu ölkələrdə gedən proseslərlə bağlı olan məsələdir. Məsələn, Qazaxıstanda dollarlaşma 70%-i üstələyib. Bunun əsas səbəbi kəskin devalvasiyadır və əhali tərəfindən öz milli valyutalarına olan marağın itirilməsidir”.

Ötən il Azərbaycanda inflyasiyanın 1,4% səviyyəsində olduğunu xatırladan AMB rəhbəri deyib ki, cari ildə də ölkədə inflyasiya birrəqəmli olacaq: “Sərəncamımızda olan bütün vasitələrdən istifadə etməklə, buna nail olmağa çalışacağıq”.