Karyera nərdivanları hər kəsə məlum olan bir ifadədir. Ancaq əslində karyera təkcə yüksəyə doğru qurulmur. Üfüqi bir inkişaf növü də mövcuddur. Hər birinin özünəməxsus üstünlükləri var.
Karyeranın şaquli növü
Hər hansı bir şirkətdə ofis meneceri kimi işə başlayırsınız və bir neçə illik əməkdən sonra HR rəhbəri olursunuz. Karyeranın şaquli növünü belə təsvir edə bilərsiniz. Karyera yüksəlişini də məhz belə görürük: ən aşağıdan ən yüksək vəzifəyə qədər qalxmaq. Bir qayda olaraq, karyera nərdivanı ilə yüksəlmə bir fəaliyyət sahəsi çərçivəsində baş verir. Eyni zamanda, başqa bir şirkətdə daha yaxşı bir vəzifəyə də keçə bilərsiniz, ancaq əsas fəaliyyət istiqaməti dəyişilməz qalır.
Həmçinin oxu: Bu nüanslara diqqət etməsəniz karyeranız məhv ola bilər
Şaquli karyera növünün üstünlükləri:
· Vəzifə ilə paralel maaş da artırılır.
· Əksər insanlar üçün vəzifənin qaldırılması müvəffəqiyyət əlamətidir.
· Yeni maraqlı tapşırıqlar, özünüifadə üçün daha çox imkanlar.
· Bir çox faydalı əlaqə əldə edilir.
Mənfi cəhətləri:
· Tabeçiliyinizdəki işçilərin hamısının hərəkətlərinə görə məsuliyyət daşıyırsınız.
· Nizamsız iş qrafiki ilə işləmək mümkündür.
· Ağır yük səbəbiylə emosional tükənmə daha sürətli baş verə bilər.
· Xüsusi tapşırıqlardan daha çox inzibati işlər görəcəksiniz.
Üfüqi karyera növü
Bunun bir mütəxəssisin inkişafının təbii yolu olduğunu söyləyə bilərik. Üfüqi karyera təcrübə və ya sınaq müddəti ilə başlayır və zaman keçdikcə bacarıqlarınızı artırırsınız, nəzəriyyəni praktikada tətbiq etməyi öyrənirsiniz. Beləliklə, digər əməkdaşların çətin vəziyyətlərdə məsləhət və kömək üçün müraciət etdiyi, öz sahəsinin bütün nüanslarını bilən əvəzsiz bir işçiyə çevrilirsiniz.
Bu karyera növü idarəetmə vəzifələrini üzərinə götürmək istəməyənlər üçün münasibdir.
Çox vaxt yaradıcı peşələr üfüqi şəkildə inkişaf edir. IT sahəsində də ən çox görülən elə üfüqi inkişafdır. Bu, vəzifəyə yeni gələn şəxs əvvəlcə “junior”, daha sonra “middle”, nəhayət, “senior” olur. Universitetdəki müəllimlərin elmi dərəcələrini də bu növə nümunə göstərmək olar.
Həmçinin oxu: Xəyallarınızdakı işi necə tapa bilərsiniz?
Üfüqi karyera növünün üstünlükləri:
· İxtisasınız nə qədər dar olarsa və nə qədər çox bacarığa maliksinizsə, bir o qədər yüksək maaş alacaqsınız.
· Özünüinkişaf prosesi dayanmır.
· Daha az təcrübəli işçiləri yetişdirə bilərsiniz.
· İnzibati işlərlə məşğul olmağa və verilmiş tapşırıqlara cavabdeh olmağa ehtiyac yoxdur.
Mənfi cəhətləri:
· Bir vəzifədə ilişib qala bilərsiniz və bir gün təcrübə, səriştə cəhətdən sizdən çox aşağı bir işçi rəhbəriniz ola bilər.
· Uğur göstəriciniz şaquli karyera növündəki qədər aydın deyil.
Real həyatda bu iki karyera növü çox vaxt bir-biriylə qarşılıqlı surətdə əlaqədədir. Məsələn, proqramçılar qrupunun lideri ən savadlı və təcrübəlilərin içindən təyin edilir. Karyera qurmağa başlamazdan əvvəl öz təyinatınızı tapmaq üçün aşağıdakı məqaləni oxuyun:
Nigar Umaxanlı, Finco.az