İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhərində kartdan-karta köçürülməsinə görə 70 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.
Bu barədə Dövlət Vergi Xidməti məlumat verir.
Məlumata görə, DVX pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.
Tədbirlər nəticəsində 70 obyektdə müştərilərə sistematik şəkildə kartdan-karta köçürmələr etmək təklif olunduğu müəyyənləşdirilib. Həmin sahibkarlıq subyektlərinə protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.
Qeyd edilib ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.