Karantin zamanı daxili harmoniyanızı bərpa edəcək kitablar hansılardır? | Banco.az

Karantin zamanı daxili harmoniyanızı bərpa edəcək kitablar hansılardır?

Nigar Umaxanlı, Banco.az

Məcburi özünütəcridin üstünlüklərindən biri maraqlı kitablar oxumağa sərf edə biləcəyiniz boş vaxtın olmasıdır. CNBC Harvard, Yale (Yel) və Kolumbiya Universitetlərinin professorları ilə birlikdə daxili harmoniyanı bərpa etməyə və vəziyyətə fərqli prizmadan yanaşmağa kömək edəcək kitabların siyahısını tərtib edib.

Covanni Bokkaço, “The Decameron”

“Dekameron” vəbanın ələ keçirdiyi Florensiyadan 2 mil məsafədəki şəhərkənarı villaya pənah aparmış on italyan gəncin nəql etdiyi yüz hekayədən ibarətdir.

Yale Universitetinin Astronomiya və Fizika kafedrasının professoru Priyamvada Nataracan izah edir ki, dörd divar arasında qaldıqdan sonra gənclər hekayələr danışaraq bir-birini əyləndirməyə çalışırlar. Hekayələrin əksəriyyəti romantikasından tutmuş, faciəvi cəhətlərinə qədər sevgiyə həsr olunub və hər biri çox maraqlıdır.

Uilliam İrvin, “The Stoic Challenge”

Fəlsəfə nəinki həyatın mənası ilə bağlı mücərrəd sualları araşdırır, həm də konkret problemlərin həllində kömək edə bilir. Uilyam İrvin stoik texnikasını psixologiya və koqnivistika (idrak) elmi sahəsindəki kəşflərlə birləşdirərək daxili sakitliyi qorumağın və problemləri fürsətə çevirməyin yollarını izah edir.

Yale Universitetinin psixologiya professoru Lori Santos söyləyir ki, həyata stoik baxış çətin dövrlərin öhdəsindən gəlməyə kömək edir. “Əsas məsələ budur ki, həyatdakı bütün problemləri dözülməli bir böhran kimi deyil, bir çağırış olaraq qəbul etmək lazımdır”, — Lori Santos izah edir.

Kadya Molodovskaya, “A Jewish Refugee in New York”

1941-ci ildə idiş dilində nəşr edilmiş (lakin bu yaxınlarda tərcümə olunmuş) “Nyu Yorkdakı qaçqın yəhudi qız” doğma Polşası nasistlər tərəfindən işğal edildikdən qısa müddət sonra Nyu Yorka gəlmiş 20 yaşlı bir qadının hekayəsidir. O, yeni bir dil öyrənməyə çalışdığı çətin dövrdə Amerikaya gəldikdən sonra həyatının necə dəyişdiyini təsvir etdiyi gündəlik yazmağa başlayır.

Yale Universitetinin ədəbiyyat professoru Keti Trampener qeyd edir ki, qəhrəman həyatda qalmağa və irəli getməyə çalışır, lakin ətrafdakıların əksəriyyətinin Avropadakı vəziyyətdən az xəbərdar olmasına və biganəliyinə çox qəzəblənir.

Həmçinin oxu: “Microsoft”un CEO-su sahibkarlara bu kitabları oxumağı məsləhət görür

Ən sərfəli kredit üçün müraciət et

Qlennon Doyl, “Untamed”

Qlennon Doyl memuarında alkoqolizm və bulimiya ilə mübarizəsindən bəhs edir. Əsər cəmiyyətin bizə sırıdığı standartlardan imtina etdiyimiz halda necə xoşbəxt ola biləcəyimizi və daxili harmoniyaya nail olacağımızı izah edən həyat hekayəsidir.

“Kitabın bitməsini istəmədiyim üçün yavaş-yavaş oxuyuram”, — Harvardın qadın basketbol komandasının baş məşqçisi Keti Delani-Smit vurğulayır. O, kitabı komandanın bütün qızlarına oxutduracağını söyləyir və əlavə edir: “İndi qadınların istədiyi kimi görünməli və istədiyi kimi biri olmalı olduqlarını dərk etməyin tam vaxtıdır”.

Albert Kamus, “The plague”

Hadisələr ötən əsrin 40-cı illərində Oranda — fransız Əlcəzairindəki bir ticarət şəhərində cərəyan edir. Şəhər vəba xəstəliyi ilə mübarizə aparır. Hadisələr karantin rejimindəki şəhərdə vəbaya düçar olmuş xəstələri xilas edən Bernar Rienin dilindən nəql olunur.

“Bu kitab epidemiyaya məruz qalmış bir şəhərdə yaşamağın və özünütəcriddə olmağın necə bir hiss olduğunu mükəmməl təsvir edir”, — Kolumbiya Universitetinin ingilis dili və ədəbiyyat professoru Cenni Devidson söyləyir. Onun sözlərinə görə, Kamus karantinin necə tətbiq olunduğunu, epidemiya ilə mübarizədə səlahiyyətli şəxslərin və vətəndaşların necə iştirak etdiklərini ətraflı izah edib. “Kitab təhlükəli zamanlarda insanlığı qorumağın və digər insanlarla bağlılıq hissinin nə qədər vacib olduğunu göstərir”, — deyə əlavə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et