Karantin günlərində Netflixdə izləyə biləcəyiniz ən bəyənilən filmlər | Banco.az

Karantin günlərində Netflixdə izləyə biləcəyiniz ən bəyənilən filmlər

Ötən məqalələrimizdən birində serial həvəskarları üçün Netflix platformasının ən çox bəyənilən seriallarından bəzilərini təqdim etmişdik. İndi isə əsas üstünlüyü film izləməyə verənlər üçün xüsusilə də evdə qalmalı olduğumuz bu günlərdə faydalı olacaq və sözügedən platformada izləyə biləcəyiniz ən maraqlı filmlərdən ibarət TOP-10 siyahını təqdim edirik.

Həmçinin oxu: Karantin günlərində izləyə biləcəyiniz ən bəyənilən Netflix serialları

1. Marriage Story

Ölkə: ABŞ, Birləşmiş Krallıq

Janr: Dram

Rejissor: Noah Baumbach

Film teatr rejissoru Çarli ilə aktrisa həyat yoldaşı Nikolun Nyu Yorkdan Los-Ancelesə qədər uzanan boşanma hekayəsindən bəhs edir. Övladlarının vəkaləti səbəbilə daha da çıxılmaz hala çevrilən məhkəmə işi cütlüyün uzun illər boyu gizlətdikləri narazılıqların da üzə çıxmasına gətirib çıxarır.

Film bir neçə kateqoriyada Oskar mükafatına namizəd göstərilmiş, aktrisa Lora Dern isə “İkinci planda ən yaxşı qadın aktrisa” nominasiyası üzrə həm Oskar, həm Qızıl Qlobus mükafatlarını qazanmışdır.

2. Sherlok Holmes

Ölkə: Birləşmiş Krallıq, ABŞ

Janr: Dedektiv, macəra

Rejissor: Guy Ritchie

Şotland yazıçısı Artur Konan Doylun məşhur dedektiv hekayələr toplusunun motivləri əsasında ekranlaşdırılan 2009-cu il istehsalı bu film dedektiv Şerlok Holms və Doktor Uotsonun ölkələrini məhv etmək üzrə olan yeni bir təhlükəyə qarşı mübarizəsindən bəhs edir. Filmdə “Bohemiyada qalmaqal” hekayəsinin məşhur qadın personajı İren Adlerə də yer verilmişdir.

3. Klaus

Ölkə: İspaniya

Janr: Animasiya, komediya

Rejissor: Sergio Pablos

Eqoist poçtalyon ilə tənha oyuncaq ustası arasında gözlənilmədən yaranan dostluq əlaqəsi soyuq və qaranlıq bir qəsəbəyə hər kəsin ehtiyacı olan sevinc və nəşə gətirir.

4. The Boy Who Harnessed the Wind

Ölkə: Birləşmiş Krallıq, Malavi (Afrika)

Janr: Dram

Rejissor: Chiwetel Ejiofor

Real hadisələrə əsaslanan bu film ailəsi ödənişi verə bilmədiyi üçün məktəbdən qovulan 13 yaşlı bir uşağın kitablardan öyrənərək yaşadığı kəndi aclıqdan xilas etmək üçün külək dəyirmanı düzəltməsindən bəhs edir.

5. Zindagi Na Milegi Dobara

Ölkə: Hindistan

Janr: Dram, romantika, komediya

Rejissor: Zoya Akhtar

Subaylığa vəda gecəsi üçün İspaniyada macəra dolu səfərə çıxan üç dost həm özləri, həm də bir-birləri haqqında həyatlarını tamamilə dəyişdirəcək bəzi həqiqətlərlə üzləşməli olurlar.

Ən sərfəli kredit üçün müraciət et

6. Uncut Gems

Ölkə: ABŞ

Janr: Triller

Rejissor: Josh Safdie, Benny Safdie

Borcları getdikcə daha çox artan və qəzəbli borcverənlər tərəfindən hər gün daha çox sıxışdırılan Nyu Yorklu zərgər üzləşdiyi çətinliklərlə mübarizə aparmaq və həyatda qalmaq üçün hər şeyini riskə atır.

7. The Invisible Guest

Ölkə: İspaniya

Janr: Dedektiv triller

Rejissor: Oriol Paulo

Bir səhər otel otağında ölü sevgilisinin yanında oyanan gənc iş adamı bu cinayəti törətməkdə əsas şübhəliyə çevrilir. Özünü müdafiə etmək və cinayəti törətmədiyini sübut etmək üçün isə çox məşhur bir vəkilin köməyinə müraciət etməli olur.

8. El Camino: A Breaking Bad Movie

Ölkə: ABŞ

Janr: Dram, triller

Rejissor: Vince Gilligan

Məşhur Braking Bad serialına epiloq kimi çəkilmiş 2019-cu il istehsalı bu filmdə serialın finalından sonrakı hadisələr canlandırılır. Baş qəhrəman Jesse Pinkman öz keçmişindən qaçmağa çalışır.

9. V for Vendetta

Ölkə: Birləşmiş Krallıq, ABŞ, Almaniya

Janr: Fantastika

Rejissor: James McTeigue

Filmdə hadisələr Amerikanın dünya üzərindəki hegemonluğunu itirdiyi 2038-ci ildə baş verir. “V” ləqəbli maskalı naməlum azadlıq döyüşçüsü totalitar hökumətə qarşı mübarizə aparır və bu zaman gənc bir qadınla dostlaşır.

10. Okja

Ölkə: Cənubi Koreya, ABŞ

Janr: Macəra, elmi fantastika, dram

Rejissor: Bong Joon-ho

Çox sevimli nəhəng heyvanı böyüdüb onunla dostlaşan Mija adlı gənc qız ən yaxşı dostunu itirməmək üçün transmilli şirkətlərdən birinin bütün varidatını riskə atır. Filmdə hadisələr heyvan haqqları müdafiəçiləri, ac gözlü şirkətlər və elmi etik qanunların kəsişməsi fonunda cərəyan edir.

Tamara Mustafayeva, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et