Müəllif:Mehin Qasımova,Banco.az
Qlobal iqlim dəyişiklikləri, istehsal çətinlikləri və geosiyasi proseslər kənd təsərrüfatı məhsullarının qiymətlərində ciddi dalğalanmalara səbəb olub. Bu baxımdan kakao son illər əmtəə bazarında ən dəyişkən məhsullardan biri kimi diqqət çəkir.
Banco.az xəbər verir ki, təchizatla bağlı artan narahatlıqlar fonunda 2024-cü ildə kakaonun ton qiyməti tarixi maksimuma yüksələrək 12 931 dollar səviyyəsinə çatıb. İl isə 11 675 dollar göstəricisi ilə yekunlaşıb. Xüsusilə Qərbi Afrikada əlverişsiz hava şəraiti, quraqlıq riskləri və qlobal ehtiyatların azalması qiymət artımını şərtləndirən əsas amillər olub.
Lakin Qərbi Afrikada hava şəraitinin nisbətən normallaşması və məhsuldarlığın artması ilə bağlı gözləntilər bazarda vəziyyəti dəyişib. Nəticədə kakao qiymətləri ötən il qeydə alınan rekord səviyyələrdən əhəmiyyətli dərəcədə geri çəkilib.
ABŞ-da yerləşən Qitələrarası Birjanın (ICE) məlumatına görə, 2025-ci ildə kakao qiymətləri indiyədək ən sürətli illik enişlərdən birini qeydə alıb. Ton başına kakao 48,1 faiz ucuzlaşaraq ili 6 065 dollar səviyyəsində başa vurub.
Qiymətlərin azalmasına təsir edən mühüm amillərdən biri də ABŞ-ın kakao məhsullarına tətbiq edilən tariflərlə bağlı qərarları olub. Vaşinqton yüksək həcmdə istehlak etdiyi, lakin daxili istehsalı mümkün olmayan bəzi kənd təsərrüfatı məhsullarını tariflərdən azad edib və kakao da bu siyahıya daxil edilib.
Ekspertlər bildirirlər ki, ABŞ-ın kakao tariflərini ləğv etməsi mövcud ticarət pozuntularını aradan qaldırıb və bazarda qeyri-müəyyənlikləri azaldıb. Bu addım, eyni zamanda, dünyanın aparıcı şokolad və kakao istehsalçılarının satışlarda gözlədiyi azalmanın da qarşısını qismən almağa imkan verib.
Baş verən proseslər kakao təchizat zəncirində xərclərin azalacağına dair gözləntiləri gücləndirib və bazarda qiymətlərin daha stabil mərhələyə keçə biləcəyi ehtimalını artırıb.
