Noyabrın 19-də sevincimin həddi-hüdudu yox idi, çünki Biznes-Jurnalistika 2015 təliminə iştirakçı kimi seçilməyim barədə telefon zəngi almışdım. Bu təlim artıq dördüncü dəfədir ki, Paşa Bank, British Council və Tomson Fondunun birgə əməkdaşlığı sayəsində keçirilir. Yüksək rəqabətli bir seçim mərhələsindən keçə bildiyim üçün özümlə fəxr edir, həm də özümü şanslı insan sayıram, çünki təlimin bizə verəcəyi imkanlar sərhədsizdir.
Təlim barədə məlumat
Qısaca onu deyim ki, təlim öncə Azərbaycanda 3 mərhələdə keçiriləcək seminardan və sonda 1 həftəlik London təlim turundan ibarət olacaq.
Təlimdə iştirakçılar müasir axtarış sistemlərinin imkanları, jurnalistikada istifadə olunan ən son texnologiyalar və tətbiqetmələr, reportaj hazırlanmasında yeni metodlar öyrənəcək, mobil və multimedia bacarıqlarına yiyələcək, onlayn vasitələrin yaratdığı geniş imkanlar barədə məlumat əldə edəcəklər.
İştirakçılar ilə burada tanış ola bilərsiniz.
Artıq təlimin ilk mərhələsinin iki günü başa çatıb. İki gün ərzində olduqca intensiv təlim kursu keçmişik. Təlimçimiz Dan Mason isə bizə həqiqətən əlindən gələni bizim üçün əsirgəmir, hər bir iştirakçıya qarşı fərdi yanaşma tətbiq edərək, bütün suallarımızı həvəslə cavablandırır, səbrlə hər şeyi izah edir. Öz işinin peşəkarı olan Dan, həm də yüksək şəxsi keyfiyyətlərə malikdir.
Bu şansı bizə yaratdıqları üçün Paşa Banka, British Council və Tomson Fonduna, hər birinə ayrılıqda təşəkkür edirik.
Biz hələ bu uzun yolun başlanğıcındayıq, qarşıda bizi xeyli maraqlı anlar gözləyir.