Tamara Mustafayeva, Banco.az
İsveçrədə fəaliyyətə başladığı illərdə bir çox yeniliyə imza atan Migros markası "Migros Ticaret A.Ş" adı ilə Türkiyədə də pərakəndə sektoruna özünəməxsus yeniliklər gətirib. Bugünkü məqaləmizdə Migros İsveçrə və Migros Türkiyənin qeyr-adi hekayəsindən bəhs edəcəyik.
"Migros" sözü "yarım pərakəndəçi" mənasını verən "Mi-Gros" sözlərinin birləşməsindən meydana gəlib. Migros markası Gottlieb Duttweiller tərəfindən 1925-ci ildə təsis edilib. İlkin mərhələdə 5 ədəd Ford markalı avtomobildən səyyar dükan kimi istifadə edən Duttweiller qəhvə, düyü, şəkər tozu, makaron, sabun kimi məhsulları digər pərakəndəçilərdən daha ucuz qiymətə satırmış. Duttweiller bununla insanların böyük rəğbətini qazandığını gördüyü üçün məhsul çeşidliliyini artırır.
Migros fəaliyyətini getdikcə daha da genişləndirir və satış məntəqələrini artırır. Təbii ki, müştərilər Migros-a yönəldiyi üçün digər satıcıların işləri qaydasında getməməyə başlayır. Tacirlərə və bürokratiyaya qarşı mübarizə aparan Duttweiller fəaliyyət sahəsi bu dərəcədə geniş olan bir işin İsveçrə kimi bir ölkədə özəl əllərdə olmasının yaradacağı problemləri nəzərə alaraq 250000 dollarlıq səhmləri özü üçün saxlayır və qalan səhmləri 105000 müştəriyə sataraq Migros şirkətini korporativləşdirir. Daha sonra isə növbəti 30000 müştəriyə də səhmlərin satışı həyata keçirilir.
Migros markasının Türkiyəyə gəlməsinə isə İkinci Dünya Müharibəsi və Koreya Müharibəsinin yaratdığı inflyasiya səbəb olur. Belə ki, qiymətlərin getdikcə bahalaşması şikayətləri artırır və həmin dövrdə İstanbul Valisi və Bələdiyyə sədri olan Fəxrəddin Kərim Gökay bəzi məhsulların təmin edilməsi və satışının təşkil edilməsi işinin bələdiyyə tərəfindən həyata keçirilməsinə dair qərar verir və müvafiq satış nöqtələri qurulur. Bununla istənilən nəticəni əldə etmək mümkün olmadıqda isə Migros markasının fəaliyyətindən xəbərdar olan İstanbul Bələdiyyəsi İqtisadiyyat Müdiri Fərrux İltər 1953-cü ildə Duttweiller-ə şirkətin İstanbulda təsis edilməsi ilə bağlı məktub ünvanlayır.
Beləliklə də, Migros 1954-cü ildə Türkiyədə fəaliyyətə başlayır və səyyar yük maşınları ilə satış həyata keçirilir. 1975-ci ildə isə Vehbi Koçun təşəbbüsü ilə Koç Qrup Migros şirkətinin əksər səhmlərini alır və Migros "Migros Türk" adı ilə özəlləşdirilir. Bu dövrdə mağazalaşma prosesi başlayır və İstanbuldan sonra İzmir şəhərində də satış məntəqələri açılır. Artıq 1989-cu ildə Migros 2 böyük şəhərdə 34 mağaza ilə xidmət göstərirdi.
90-cı illərdə MM və MMM Migros şəbəkələri açılır və Migros markalı məhsulların istehsalına başlanılır. Migros Club kart buraxılır və Migros Onlayn marketi istifadəyə verilir. 1995-ci ildə Migros Türkiyənin ilk endirim markası olan "Şok"-u həyata keçirir. 1996-cı ildə isə ilk xarici mağazası "Ramstore" Bakıda fəaliyyətə başlayır.
Bu gün Migros şirkətinin "Macrocenter", "Ramstore" və "Migros Onlayn Market" olmaqla 3 alt markası mövcuddur.
Həmçinin oxu: "Eti" markasının yaradılış HEKAYƏSİ
Bizi sosial şəbəkələrdən izləyin!!