Tamara Mustafayeva, Banco.az
Bugünkü məqaləmizdə əksəriyyətimizin "Cicibebe", "Burçak", "Etimek" kimi məshullara görə çox yaxşı tanıdığı "Eti" markasının Firuz Kanatlının təşəbbüsü ilə Türkiyənin Anadolu bölgəsində başlayan hekayəsindən bəhs edəcəyik.
"Eti" markasının təsisçisi və fəxri sədri Firuz Kanatlı 1932-ci ildə Əskişehirdə dünyaya gəlib. Ailəsi bu şəhərdə "Gümülcineli Un" adlı bir fabrik sahibi idilər. Firuz ibtidai təhsilini başa vurduqdan sonra Qalatasaray Liseyinə daxil olduğu üçün İstanbula köçür. Cenevrə şəhərində menecment ixtisasi üzrə ali təhsil aldıqdan sonra ailəsinin fabrikinə qayıdır və burada çalışmağa başlayır. Daha sonra bu fabrikin adı "Kanatlı Un Fabrikası" olur. Burada uzun müddət qalmayan Firuz şəxsi biznesini qurmaq üçün fabrikdən ayrılır.
Əsgərlik illərində İstanbul Terkosda yemekxana rəsmisi kimi fəaliyyət göstərir. Əsgərlərin peçenyeyə olan təlabatını müşahidə etdikdən sonra bu sektorda biznes qurmaq qərarına gəlir. Atasından və Sınai İnkişaf Bankından dəstək almaqla Əskişehirdə ilk istehsal müəssisəsini təsis edir. Marka adı üçün Anadolunun ən qədim mədəniyyətlərindən birinin (Hitit) adını seçən Kanatlı loqo üçün isə Hitit günəşini seçir.
1962-ci ildə "Eti" biskvit fabriki 20 əməkdaşı ilə gün ərzində 3 ton istehsala imza atırdı. 1963-cü ildə istehsal həcmini artırmaq üçün ikinci bir müəssisə təsis edilir. Türk mühəndislərlə işləyən Firuz Kanatlı fabriklərində müasir istehsal texnikalarına və avtomatlaşdırılmaya keçidi sürətləndirdi. 1972-ci ildə markanın ticari ünvanı "ETİ Gıda Sanayi ve Ticaret A.Ş." olur. 1974-cü ildə ilk ixracat Kiprə həyata keçirilir.
1970-ci illərdə "Ülker" markası reklam kampaniyaları ilə bazarda öz yerini stabilləşdirilmiş, rəqabətdə olduqca irəlidə idi. "Eti" də reklam strategiyalarını təkmiləşdirdi və bəstəkar və yazıçı Oqtay Tem ilə əməkdaşlıq çərçivəsində "Bir tapmaca deyəcəm" şüarı ilə yaddaşlarda özünə yer etdi və "Eti"-nin marka tanınmışlığı bu dövrdə çox yüksəldi.
1976-cı ildə ilk uşaq peçenyesi olan "Cicibebe", 1978-ci ildə ilk hazır qızardılmış çörək dilimləri olan "Etimek" və ilk lifli peçenye olan "Eti Burçak" bazara çıxarıldı. Bu məhsulların satışa çıxarılmasından sonra şirkət "Ülker" firması ilə rəqabətdə üstünlük əldə edir. 1980-ci ildə isə "Tam Gıda Sanayi ve Ticaret A.Ş." təsis edilir və keks istehsalına başlanılır.
1983-cü ildə "Alimentacion Europe" və "Golden Mercury International" mükafatlarını, 1988-ci ildə Türk Standartları Müəssisəsi tərəfindən verilən birincilik mükafatını qazanan "Eti" 1992-ci ildə biskvit sektorunda ISO 9002 sertifikatı əldə edən ilk marka oldu.
Bu günədək məhsul çeşidliliyini müntəzəm olaraq artıran "Eti" beynəlxalq və yerli səviyyədə bir çox nailiyyətə imza atdı.
Müasir istehsal texnikaları ilə bir çox ilkə imza atan və "Eti" markasını sektorun əvəzedilməz hissəsinə çevirən Firuz Kanatlı isə 2017-ci ildə dünyaya gözlərini yumdu.
Həmçinin oxu: "Ülker" markasının yaradılış HEKAYƏSİ
Bizi sosial şəbəkələrdən izləyin!!