SOCAR daxili bazar üçün buraxdığı istiqrazlar üzrə növbəti faiz ödənişini həyata keçirib.
«SOCAR Capital» şirkətinin məlumatına əsasən, bu gün, yanvarın 17-də SOCAR İstiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait ödənilib. Faiz ödənişi artıq istiqraz sahiblərinin hesablarına köçürülüb və bu barədə investorlara SMS məlumat da göndərilib.
Bu, Azərbaycanda ən çox alınıb-satılan qiymətli kağız olan SOCAR İstiqrazları sahiblərinin 2018-ci ildə ilk qazancı olub. SOCAR-ın daxili bazar üçün nəzərdə tutulmuş istiqrazları 2016-cı ilin oktyabr ayında dövriyyəyə buradılıb. Nominal qiyməti 1000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi 5% və ya hər istiqraza görə ildə 50 dollardır. İstiqrazlar üzrə faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.
SOCAR İstiqrazları üzrə faizlərin ödənilməsinə 2017-ci ilin yanvarından başlanıb, ötən il ərzində 4 dəfə baş tutan faiz ödənişləri ilə istiqraz sahibləri bu qiymətli kağızlardan 5 milyon dollar gəlir götürüblər. Bununla da SOCAR İstiqrazları ötən il sahiblərinə ən böyük dollar gəliri qazandıran qiymətli kağız olub.
Yanvarın 17-də isə istiqraz sahiblərinə sayca 5-ci faiz ödənişi həyata keçirildi.
SOCAR İstiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və yüksək likvidliyidir. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1 000 dollardan aşağı enmir və onları dərhal nağd pula çevirmək mümkündür.
Bir qədər əvvəl start verilən REPO əməliyatları isə SOCAR İstiqrazı sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq, ən aşağı faizlə (illik 3,5%) kredit götürməyə imkan verib.
Bu xüsusiyyətlərinə və yüksək gəlirliliyinə görə, əhali və hüquqi şəxslər istiqrazlara böyük maraq göstərirlər. Bununla da, SOCAR İstiqrazları Azərbaycanın kütləvi olaraq alınıb-satılan ilk qiymətli kağızına çevrilib.
Ölkə vətəndaşları, eləcə də, yerli və xarici fiziki, hüquqi şəxslər SOCAR İstiqazlarını təkrar bazardan əldə edə bilərlər. Bunun üçün onlar ASAN Xidmətin 1 və 5 saylı Xidmət Mərkəzlərinə, eləcə də, *19 99 qaynar xəttə müraciət etməlidirlər.